Azərbaycanda otel niyə bahadır? - “Çay dəsti 20 manata belə verilsə, dolu olacaq, çünki...”

“Otellərdəki qiymətlər bazar iqtisadiyyatına əsaslanır”.
Bu sözləri turizm üzrə ekspert Əziz Şiriyev “Cebheinfo.az”-a açıqlamasında deyib.
O, otellərdəki qiymətlərin baha olmasının səbəblərindən danışıb:
“Əslində, otellərdə qiymətlər tələb və təklif əsasında formalaşır. Məsələn, bayram ərəfələrində qiymətlər daha yüksək olmasına baxmayaraq, otellərdə boş otaq tapmaq olur. Hətta bayramdan 1 həftə əvvəl belə mənzərə dəyişmir.
Deməli, tələb var ki, bu qiymətlər təklif olunur. Nəticədə, hər dəfə qiymətlər daha da artır. Çünki sahibkar qazanmaq istəyir. Üstəlik, otellər özəl sahə sayılır. Sahibkara hansısa irad bildirdikdə isə pandemiya zamanı maddi cəhətdən çətinlik çəkdiyini deyir”.
Ekspertin sözlərinə görə, otellərin təklif etdiyi qiymətlər bazarın tələbatına uyğun olaraq müəyyənləşir:
“Qiymətlərin yüksək olmasına baxmayaraq, bütün 5 ulduzlu otellərdə doluluq səviyyəsi də yüksəkdir. Bu da qiymətlərin bazarın tələbatına uyğun olduğunu göstərir. Lakin insanlara 4 ulduzlu normal otellərə də getməyi tövsiyə edirəm ki, 5 ulduzlu otellərin qiymətinin qalxmasına səbəb olmasınlar.
Çünki istər-istəməz 5 ulduzlu otellərdə doluluq səviyyəsi yüksək olanda, qiymət artımı qaçılmaz olur. Həmçinin, hazırda ölkəmizdə keyfiyyətli 5 ulduzlu otellərin sayı kifayət qədər az olması da qiymətlərə təsir edir. Rəqabətin olmaması qiymətlərin formalaşmasında özünü göstərir”.
Əziz Şiriyev otellərin yeməkxana menyularındakı qiymətlərin yüksək olması barədə isə bunları söyləyib:
“Otellərin yeməkxanalarındakı qiyməti də təlabata buna uyğun olaraq artır. Bu gün Bakıda olan ən yaxşı restoranlarda çay dəsti 20 manata belə verilsə, ora dolu olacaq. Lakin bəzi otellər və restoranlar öz keyfiyyətini saxlamaq üçün buna uyğun qiymətlər təyin edir.
Çünki yalnız ailələrin və ya otelə uyğun insanların gəlməsini istəyirlər. Ölkəmizdə kifayət qədər otel və restoran var. Kimin büdcəsi nəyə çatırsa, orada da istirahət edə bilər”.
Mütəxəssis otelə getmək istəyənlərə tövsiyə də verib:
“Yerli vətəndaşlara turizm şirkətlərinin hazırladıqları bir neçə günlük turlardan faydalanmağı tövsiyə edirəm. Çünki turizm şirkətləri otellərlə mütəmadi şəkildə çalışdıqlarına görə münasib qiymətlər əldə edə bilirlər.
Turizm şirkətləri otellərdən 1-2 deyil, minimum 10-15 otaq götürdüklərinə görə daha münasib qiymətlə razılaşırlar. Buna əsasən də tur paketləri hazırlanır. Nəticədə, turizm şirkətlərinə müraciət edən vətəndaşlar 4 və ya 5 ulduzlu otellərdə daha uyğun qiymətə yaxşı istirahət edə bilərlər”.
Elmir Mustafa
“Cebheinfo.az”