Prezidentin imzaladığı sərəncam bu gündən qüvvəyə minib

Prezidentin imzaladığı sərəncam bu gündən qüvvəyə minib

ABŞ Prezidenti Donald Trampın ötən həftə imzaladığı 12 ölkə vətəndaşlarının ölkəyə girişini tamamilə qadağan edən və 7 ölkəyə qismən məhdudiyyətlər tətbiq edən sərəncam bu gündən qüvvəyə minib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın immiqrasiya və milli təhlükəsizlik məsələlərində qəbul etdiyi sərt və mübahisəli siyasət beynəlxalq aləmdə rezonans yaratmaqda davam edir.

Trampın ötən həftə imzaladığı 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini tamamilə qadağan edən və 7 ölkəyə qismən məhdudiyyətlər tətbiq edən sərəncam bu gündən qüvvəyə minib.

“ABŞ-ni xarici terrorçulardan və digər milli təhlükəsizlik və ictimai təhlükəsizliyə təhdidlərdən qorumaq üçün xarici vətəndaşların ölkəyə girişinin məhdudlaşdırılması” adlı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan edilib. Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları viza üçün müraciət edəcək və ciddi təhlükəsizlik yoxlamasından keçəcəklər.

Qadağalar ABŞ-də yaşayanlar, səyahət qadağasının təsirinə məruz qalmayan ölkələrin ikili vətəndaşlığı olanlar, xüsusi immiqrasiya vizası olan Əfqanıstan vətəndaşları, İranda təqiblərlə üzləşən etnik və dini azlıqlara verilmiş vizaları olanlar və 2026-cı il Dünya Kuboku və 2028-ci il Olimpiadası kimi böyük idman yarışları üçün səyahət edən idmançılara tətbiq edilməyəcək. 

Xatırladaq ki, Prezident Donald Tramp birinci prezidentliyi dövründə əsasən yeddi müsəlman ölkəsindən səyahət edənlərə qadağalar qoyub və bu qərar ciddi mübahisələrə səbəb olub.Bu təcrübə 2021-ci ildə vəzifəyə gələn prezident Co Bayden tərəfindən ləğv edilmişdi.

Müşfiq Abdulla
“Cebheinfo.az”