Bazarda ucuzlaşma başlayacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib müzakirələr aparıldı.
Bununla da, Azərbaycan və Çin arasında əməkdaşlıq yeni mərhələyə keçdi. Bu səfər fonunda gündəmə gələn əsas suallardan biri də əməkdaşlığın Azərbaycan daxili bazarına təsirləri ilə bağlıdır. Çin ilə sıxlaşan əməkdaşlıq ölkə daxilində hansı seqmentdə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər?
“Cümhuriyət”-ə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın ABŞ ilə Çin arasında baş verən “rüsum müharibəsi”ndən istifadəsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Çindən Azərbaycana nə qədər mal idxal edilirsə, bütün çeşidlər üzrə ucuzlaşma müşahidə ediləcək:
“Çin bu gün dünya iqtisadiyyatının aparıcı qüvvələrindənbirinə çevrilib, xüsusilə də istehsal sahəsində. texnologiya sahəsində isə hələ də Avropa ölkələri və Amerikadan bir qədər geri qalır. Amma bu istiqamətdə də sürətli irəliləyişlər müşahidə olunur və Çin bu sahədə ciddi inkişaf mərhələsindədir.
İstehlak malları, sənaye və kənd təsərrüfatı sahələrində isə Çin demək olar ki, Avropa və Amerikanın daxili bazarlarının böyük hissəsini öz əlinə alıb. Son zamanlar ABŞ ilə Çin arasında baş verən “rüsum müharibəsi” nəticəsində Çin mallarının Amerika bazarlarından müəyyən qədər geri çəkilməsinə səbəb olur. Amerika bazarı Çin üçün dünyanın ən böyük bazarı idi.
Ona görə də indi Çinin Amerika bazarından rüsumlar vasitəsilə sıxışdırılması onun istehsalında izafi məhsulun yaranmasına səbəb olur. Bu da dünya bazarında Çin mallarının ucuzlaşmasına gətirib çıxaracaq. Azərbaycanın belə bir məqamdan istifadə etməsi təqdirəlayiqdir”.
Ekspert deyib ki, ümumiyyətlə, Çindən Azərbaycana gətirilən bütün məhsullar üzrə qiymətlərin ucuzlaşması müşahidə olunacaq:
“Bu proses Çinlə ikitərəfli müqavilələr bağlanmasa belə, baş verəcək. Lakin belə müqavilələrin bağlanması bu istiqamətdə daha münbit şərait yaradır”.
Akif Nəsirli qeyd edib ki, bağlanan qarşılıqlı müqavilələrin əsas məqsədi Çinin Azərbaycanı “üçüncü dünya ölkəsi” kimi görməməsi və buraya da Avropa və Amerikaya ixrac etdiyi kimi keyfiyyətli məhsul ixrac etməsidir:
“Çin malları Azərbaycanın daxili bazarında demək olar ki, bütün sahələrdə populyardır. Lakin məsələ burasındadır ki, Çin məhsullarının çeşidləri genişdir. Məsələ keyfiyyət müxtəlifliyindədir. Çin hər qiymətə məhsul istehsal edir. Görünüşcə eyni olan məhsullar müxtəlif keyfiyyət səviyyəsində istehsal olunur. Mən hesab edirəm ki, bağlanan qarşılıqlı müqavilələrin əsas məqsədi ondan ibarətdir ki, Çin Azərbaycana “üçüncü dünya ölkəsi” kimi baxmasın, bura da Avropa və Amerika kimi keyfiyyətli məhsul ixrac etsin.
Hazırda cəmiyyətdə Çin mallarına qarşı ənənəvi baxış var. Harada keyfiyyətsiz məhsul görürüksə, deyirik ki, “kitayski”dir. Çin malları bizdə ona görə keyfiyyətsizdir ki, bizdə əhalinin gəlirləri aşağı olduğuna görə alıcılıq qabiliyyəti də aşağıdır, yəni tələbat ucuz mallaradır. İnsanlar ucuz və əlçatan mallara üstünlük verirlər. Avropa və Amerikaya ixrac olunan Çin məhsulları isə yüksək keyfiyyətə malikdir.
Bu ölkələrdə belə malların daxildə istehsalına ehtiyac duyulmur, çünki həm qiymət, həm də keyfiyyət baxımından Çindən idxal sərfəlidir. Azərbaycanın da Çindən idxal seqmentində öz mövqeyini dəyişməsi üçün bu cür müqavilələrə ehtiyac var. ABŞ-yə ixrac olunan məhsulların həcmi azaldığı üçün bu məhsulları istehsal edən zavodlar fəaliyyətini dayandırmayacaq, digər ölkələrə ixracat başlayacaq. Azərbaycan da həmin ölkələrdən biri olacaq.
Artıq ölkəmizdə Çin mallarına münasibət dəyişib. Keyfiyyətli elektronika, sənaye məhsulları və kənd təsərrüfatı texnikası Azərbaycanda satışdadır. Mən hesab edirəm ki, qarşıdakı 3-4 il ərzində bu yanaşma tamamilə dəyişəcək və ölkəmizə daha keyfiyyətli Çin məhsulları idxal ediləcək”.
İqtisadçı-ekspert vurğulayıb ki, bu proses ölkəmizi Çindən iqtisadi cəhətdən asılı vəziyyətə salmayacaq:
“Çinlə biz Orta Dəhliz vasitəsilə əlaqə yaradırıq. Biz Çin üçün həm idxal, həm də tranzit ölkəsiyik. Çin iqtisadiyyatının inkişafında əslində tranzit ölkə kimi biz maraqlı olmalıyıq. Orta Dəhliz hazırda dünyanın inkişaf etmiş ölkələrinin də maraq dairəsindədir. Çindən Avropaya üç nəqliyyat marşrutu mövcuddur: Şimal, Cənub və Orta dəhliz. Şimal dəhlizi ilə daşımalar 12 gün, Cənub dəhlizi ilə 10 gün, amma Orta Dəhlizlə 7-8 günə başa gəlir.
Bu isə həm operativlik, həm də xərclərin azalması baxımından daha sərfəlidir. Bu dəhliz həm Çin, həm də Avropa üçün olduqca əlverişlidir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Orta Dəhliz hər ikisi sərfəlidir. Bu da Azərbaycanın üzərindən tranzit yük daşımalarının daha çox daşınmasına və ölkəyə gəlir gətirməsinə səbəb olur.
Bunun gələcəkdə Zəngəzur dəhlizi üzərindən keçməsi məsafəni bir qədər də qısaldır və bu dəhlizin əhəmiyyətini artıracaq. Hazırda bu dəhliz vasitəsilə ildə 5 milyon ton yük daşınırsa, bu rəqəm 30 milyon tona qədər arta bilər.
Bu isə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Bu, bizim texnologiya baxımından Çindən asılılığımızı bir qədər artırsa da, Çinin bizim ərazimizdə tranzitdən asılılığı bu vəziyyəti balanslaşdırır, kompensasiya edir. Yəni, Çin də Azərbaycandan müəyyən mənada asılı olur. Belə qarşılıqlı asılılıq isə təhlükəli deyil".
Əfsanə Rəcəb
"Cebheinfo.az"