Paşinyan: “Azərbaycanla Ermənistan arasında yeni müharibəni unudun”

“Bölgəmizə və dünyaya yeni prizmadan, yeni gözlə baxmaq həm də təhsil prosesidir. Çünki vətən Ermənistan bir şeydir, Ermənistan-dövlət, vətən-dövlət, Ermənistan Respublikası olan bölgə isə tamam başqa şeydir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bunu aprelin 17-də Milli Assambleyada hökumətin 2024-cü il üçün proqramının icrası ilə bağlı müzakirələr zamanı yekun nitqində deyib.
O qeyd edib ki, erməni daxili diskursunun böyük bir hissəsi başqalarının başqa paytaxtlarda dedikləri ilə tamamlanır:
“Burada problem təkcə Ermənistanın bəzi siyasi və ictimai xadimlərinin tez-tez xarici bəyanatların təbliğatçısına çevrilməsində deyil, həm də ən vacib sualın diqqətdən kənarda qalmasıdır. Biz nə deyirik? Çox vaxt bu, heç vacib sayılmır”.Bu arada taleyimiz üçün ən vacib şey dediklərimizdir, çünki dediklərimiz taleyimizə nəzarət və idarəetmənin əsas alətidir. Biz isə deyirik ki, Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq”.
Paşinyan deyib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi hədəsinin yolverilməzliyini tanıyıb:
“Üstəlik, bu, təkcə siyasi müstəvidə deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sərhədin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə artıq hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir.
Ermənistan və Azərbaycan mahiyyət etibarı ilə Alma-Ata Bəyannaməsini ümumilikdə münasibətlərin tənzimlənməsinin əsas prinsipinə çevirdilər. Bu bəyannamədə əsas prinsiplər sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, bir-birinin ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək var.
Buna görə də mən bir daha Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırıram. Rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan hökuməti bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar və ya hərəkətlər etməyəcək”.
O deyib ki, Ermənistan və Azərbaycan sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini razılaşdırıblar:
“Saziş layihəsi üzrə danışıqları başa çatdırıblar və aprelin 15-də öz hesabatımda göstərdiyim kimi, sazişin imzalanmasına heç bir maneə yoxdur. Müqavilənin mətni razılaşdırılıb.
Ermənistanla Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq. Minsk Qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-də eyni vaxtda sülh sazişi və Ermənistan-Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq”, - Paşinyan bildirib.
Xəzər
“Cebheinfo.az”