Türkiyədə yeni böyük neft yatağı tapıldı

Türkiyənin Muradiye rayonundan təxminən 25 kilometr uzaqlıqda və 2300 metr yüksəklikdə yerləşən dağın ətəklərində neft ehtiyatları tapılıb və orada qazma işləri rəsmi şəkildə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, işlər çətin coğrafiyaya baxmayaraq tam sürətlə davam edir.
Qeyd olunub ki, bu ərazidə 1915-ci il Rusiya-Erməni işğalı dövründə ruslar gündəlik 5 ton neft çıxarırdılar.
Hazırda aparılan qazma işləri nəticəsində yüksək keyfiyyətli və yüksək sıxlığa malik neftin tapılması gözlənilir ki, bu da həm bölgənin iqtisadiyyatına, həm də ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verə bilər.
Belə ki, bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, jandarma qüvvələri və təhlükəsizlik qorucuları 24 saat növbə çəkərək sahə işlərinə nəzarət edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Enerji və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi altında TPAO və Mədən və Neft İşləri Baş İdarəsi tərəfindən lisenziyalaşdırılan ərazidə təxminən 200 nəfər işçi çalışır.
Bildirilib ki, bölgədəki işlər dörd fəsil boyunca fasiləsiz davam edəcək. İşləri yerində araşdıran Muradiye kaymakamı Melih Aydoğan və AK Partiyanın Van vilayət rəhbəri Abdulahat Arvas prosesi yaxından izləyiblər.
Bununla bağlı AK Partiyanın Van vilayət rəhbəri Abdulahat Arvas bölgənin tarixi baxımdan da neft keçmişinə malik olduğunu bildirib:
“Muradiye rayonumuza 25 kilometr məsafədə yerləşən Beşparmak-Kürzot bölgəsi Özalp sərhədlərimiz daxilində yer alır. 1915-ci il Rusiya-Erməni işğalı dövründə ruslar burada gündəlik 5 ton neft çıxarırdı və bölgədən geri çəkildikləri zaman quyunun ağzını bağladıqları bilinir.Bu gün belə çayın dibində o dövrdəki fəaliyyətlərin izlərinə rast gəlmək mümkündür. O vaxt çıxarılan neft Van gölündəki qayıqlarda, istilik və işıqlandırma sistemlərində istifadə olunurdu".
Arvas iki il əvvəl Enerji və Təbii Sərvətlər Nazirliyinə təqdim etdikləri hesabatla birlikdə bölgədə aparılan peyk araşdırmaları və hazırlıqlardan sonra, bölgədə təhlükəsizlik təmin edildikdən sonra qazma işlərinə start verildiyini bildirib:
"200 tonluq qazma qülləsi ilə 1050 metr dərinliyə enilərək neft axtarılır. Əgər keyfiyyətli və yüksək sıxlığa malik neft tapılarsa, bu ölkə iqtisadiyyatına və bölgədə iş imkanlarının artmasına mühüm töhfələr verəcəkdir”.
Arvas həmçinin qeyd edib ki, sahədə əldə olunacaq müfəssəl məlumatlar digər bölgələrdə aparılacaq qazma işləri üçün də yol göstərici olacaq:
“Çatak bölgəmizdə də neft, mədən və isti su ehtiyatlarımız mövcuddur. İnşallah, terrorun olmadığı bir dövrdə bu sərvətləri də iqtisadiyyatımıza qazandıracağıq. Bölgəmiz və ölkəmiz üçün xeyirli olsun".
Əfsanə Rəcəb
"Cebheinfo.az"