Rafail Becanov: "Bəs bilməyərəkdən və ya “ənənə” burulğanında itib-batanlar?"

Rafail Becanov: "Bəs bilməyərəkdən və ya “ənənə” burulğanında itib-batanlar?"

"Erkən nikahın qarşısının alınmasında mediada maarifləndirmə aparılması çox vacibdir.  Media ictimai rəyin formalaşması, insanların düşüncələrinə doğru-dürüst informasiya və məlumat verməklə təsir etmək gücünə malikdir. Ona görə də ictimai problem hesab etdiyimiz mövzunu diqqətdə saxlamaq və sistemli fəaliyyət cəmiyyətdə düşüncələri dəyişə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 



O bildirib ki, nəqədər çox iş görülür-görülsün bir çox insan erkən nikahın mənfi təsirlərindən, nəticələrindən hələ də xəbərsizdir:

"Onun yaratdığı psixoloji, tibbi fəsadları bilmir. Bununla yanaşı cəmiyyətin müəyyən kəsimində hələ də erkən nikaha ənənə kimi baxanlar var. Ona görə də öz fəaliyyətimizdə cəmiyyət üçün problemə çevrilən bu "ənənə"nin, “normallığın”, qanunla qadağan olmasının insanlarda məsuliyyət yaratması ilə bağlı müsahibələr, məlumatlar dərс edirik. Lakin  işimizi bununla bitmiş hesab etmirik. Mövcud və hələ də davam edən stereotipləri dağıtmaq üçün çox iş görməli, maarifləndirmə həyata keçirilməlidir. Bu yükü daşıyan əsas subyektlərdən biri də mediadır".

Onun sözlərinə görə müvafiq dövlət orqanları, QHT-lər bu istiqamətdə geniş maarifçilik işləri aparırlar, müxtəlif layihələr həyata keçirirlər:

"Onların məlumatları da mediada işıqlandırılır. Amma biz özümüz də müstəqil olaraq buna xüsusi önəm verməliyik. Cəmiyyəti cəhalətdən, illərlə formalaşmış “ənənələr”dən, köhnəlmiş stereotiplərdən ancaq maarifləndirmə ilə xilas etmək olar. İnziabti yol bilərəkdən qanunu pozanlar üçündür. Yəni, bilərəkdən qanunu pozmusan, bunun müqabilində cəzalanmalısan. Bəs bilməyərəkdən və ya hansısa “ənənə” burulğanında itib-batanlar? Onları da  maarifləndirmə və təhsillə bu burulğandan qurtarmaq lazımdır. 

Bu baxımdan, medianın bu prosesdə iştirakı, sistemli yanaşması, maarifləndirici materialları ilə ciddi müsbət nəticələrə nail olmaq mümkündür. Media təsir gücü olan böyük platformadır. Ona görə də hesab edirəm ki, cəmiyyət üçün həssas olan bu mövzunu daim diqqətdə saxlamaq, bu sahədə fəaliyyət göstərən QHT-lər, ictimai fəallarla birgə maarifləndirmə işinin təşkili müsbət nəticəyə nail olmağımızda böyük rol oynayar".

"Cebheinfo.az"