Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-ın nüfuzlu Tulane Universitetinin kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub.

Bu barədə ali məktəbdən məlumat verilib.

Gülşən bu proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Bundan başqa, Nyu-York Universitetinin Tandon Mühəndislik Məktəbindən kimya mühəndisliyi, İngiltərənin Lids Universitetindən isə kimya mühəndisliyi ixtisası üzrə magistr proqramlarına qəbul alıb.

Gülşən 2020-ci ildə BANM-ə 658 balla daxil olub.

“Green Tech” startap və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-də keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

2023-cü ildə “AQA Şirkətlər Qrupu” tərəfindən elan edilmiş qadınlar üçün təqaüd proqramının qalibi olub.

"Cebheinfo.az"