Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib - FOTO

Akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim edilib - FOTO

Rəsul Rzanın ev-muzeyində AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Rəsul Rza mükafatı təqdim olunub.

AMEA-dan bildirilib ki, bu məqsədlə keçirilən tədbiri muzeyin direktoru Fidan Rzayeva açaraq, yeni fəaliyyətə başlayan muzeydə ilk tədbirin 2025-ci il Rəsul Rza mükafatının akademik İsa Həbibbəyliyə təqdim edilməsi ilə keçirildiyini diqqətə çatdırıb.

Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri, Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov çıxış edərək Rəsul Rza tədqiqatlarına görə builki mükafatla AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təltif olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində özünəməxsus dəst-xəti, əhəmiyyətli elmi tədqiqatları ilə seçilən akademik İsa Həbibbəyli Xalq şairi Rəsul Rzanın, həmçinin xalq şairi Nigar Rəfibəyli və xalq yazıçısı Anarın yaradıcılığı haqqında dəyərli tədqiqat əsərlərinin müəllifidir. Akademik İsa Həbibbəylini Azərbaycan ədəbiyyatşünalıq elminin görkəmli nümayəndəsi, bacarıqlı elm təşkilatçısı kimi xarakterizə edən akademik Rafael Hüseynov Rəsul Rza mükafatı ilə təltif olunması münasibətilə AMEA rəhbərini təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının tədqiqində böyük xidmətlərini xüsusi qeyd edərək xalq şairləri olan atası Rəsul Rza və anası Nigar Rəfibəyli yaradıcılığı barədə dəyərli elmi-tədqiqat əsərlərinə görə minnətdarlığını bildirib.

AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli də qiymətli elmi tədqiqatlarına görə Rəsul Rza mükafatı ilə təltif edilməsi münasibətilə akademik İsa Həbibbəylini təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri, Milli Məclis Sədrinin müavini akademik Rafael Hüseynov 2025-ci ilin Rəsul Rza mükafatını AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təqdim edib.

Tədbirin sonunda akademik İsa Həbibbəyli çıxış edərək Xalq şairinin ocağında birinci tədbirin ona Rəsul Rza mükafatının təqdim olunması münasibətilə keçirildiyinə görə muzey rəhbərliyinə, dəyərli ədəbiyyatşünaslıq mükafatına layiq görüldüyünə görə Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin sədri akademik Rafael Hüseynova və AYB-nin sədri, Xalq yazıçısı Anara təşəkkürünü bildirib.

"Cebheinfo.az"