Oksford Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub - FOTOLAR

Oksford Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub - FOTOLAR

Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Oksford Universitetində “European-Eurasia Cultural Night” (“Avropa–Avrasiya Mədəniyyət Gecəsi”) adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Oksford Universitetində İctimai siyasət ixtisası üzrə magistratura təhsili alan Şəbnəm Tağıyevanın təşəbbüsü və Komitənin dəstəyi ilə Azərbaycan stendi qurulub.

Stenddə ölkəmizin qədim və zəngin mədəni irsi, milli musiqisi, rəngarəng folkloru və mətbəx nümunələri nümayiş etdirilib. Təqdim olunan milli təamlar və musiqilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, Azərbaycanla bağlı interaktiv sual-cavab sessiyaları təşkil olunub, iştirakçılar ölkəmiz haqqında biliklərini yoxlamaq imkanı qazanıblar. Qaliblərə Azərbaycanı əks etdirən simvolik hədiyyələr təqdim edilib.

Tədbir azərbaycanlı tələbələrə ölkəmizin mədəniyyətini beynəlxalq auditoriyaya tanıtmaq və milli irsimizi təbliğ etmək üçün mühüm platforma yaradıb.

"Cebheinfo.az"