Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

“HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə AZƏRTAC-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min, Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Şahbaz Hümbətov isə 3 min manat məbləğində inzibati cərimə edilib.

"Cebheinfo.az"