Ağdamdan Qazaxıstana ayaqqabı ixrac olunur - FOTOLAR

Ağdamdan Qazaxıstana ayaqqabı ixrac olunur - FOTOLAR

Azərbaycan ilk dəfə Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb. Bu gün Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC tərəfindən Qazaxıstana 5 min cüt xüsusi qoruyucu və poliuretan çəkmə göndərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü ilin aprelindən müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.

“BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib: “Bizim üçün qürurverici gündür. Fabrikimizdən ilk dəfə olaraq Qazaxıstana təhlükəsizlik ayaqqabıları ixrac edirik. Bundan başqa Fransaya, ərəb ölkələrinə, Rusiyaya da ayaqqabı ixracı planlaşdırılır”.

Qazaxıstana ayaqqabıların göndərilməsini Almaniyanın məşhur DESMA şirkətinin rəhbər heyəti də izləyib. “Burada, Azərbaycandakı BAFCO-da olmaqdan çox məmnunam. Biz sadəcə avadanlıq satmırıq, texnoloji sistem təqdim edirik. Dizayndan uğurlu istehsala qədər hər şeyi dəstəkləyirik. Burada gözəl qurğuları və müasir avadanlıqları görmək möhtəşəmdir”, - deyə DESMA-nın baş direktoru Klaus Freese bildirib.

Qeyd edək ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübünədək 85 milyon manatlıq, cari ilin I rübündə isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

"Cebheinfo.az"