Nyu-Yorkda aksiya: 65 nəfər saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində keçirilən etiraz aksiyası zamanı 65 etirazçı polislər tərəfindən saxlanılıb.
"Cebheinfo.az" "New York Post"a istinadən xəbər verir ki, minlərlə insan Aşağı Manhettendəki Foley meydanına toplaşaraq ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) bütün şəhər və ölkə daxilində deportasiya tətbiq etməsinə etiraz edib.
Əllərində “ABŞ-nin Miqrasiya və Gömrük Xidmətini sökün” və “Nyu-Yorkdan rədd ol ICE” yazılmış lövhələr tutan və “Kərpic-kərpic, divar-divar, bu irqçi sistem yıxılmalıdır!” kimi şüarlar səsləndirən nümayişçilər Federal Plaza ətrafındakı yolları bağlayaraq aksiyaya davam ediblər.
Axşam saatlarında Nyu-Yorkda etirazlar nəzarətdən çıxdıqdan sonra polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib.
Nümayişçilər polisə su şüşələri və müxtəlif əşyalar atıb, polis isə etirazçılara bibər qazı ilə müdaxilə edib.
Hadisələr zamanı saxlanılan 65 nəfərin “ictimai asayişi pozmaq” maddəsi ilə ittiham olunduğu və saxlanılanların sayının arta biləcəyi bildirilib.
Nyu-Yorkda böyük izdihamlı etiraz aksiyaları San Fransisko, Sietl və Çikaqo kimi digər böyük şəhərlərlə eyni zamanda baş verib.
Nigar Hacılı
"Cebheinfo.az"