Türk dünyası memarlarının Türküstan görüşü - FOTOLAR

Türk dünyası memarlarının Türküstan görüşü - FOTOLAR

İyunun 10–11-də Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun, Türküstan vilayəti akiminin birgə təşkilatçılığı ilə “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, simpoziumun rəsmi açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayəti akiminin müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.

Simpozium çərçivəsində keçirilən plenar iclasda türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.

“Türk mədəni irsi abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi”, “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında təşkil olunan panel sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər təcrübələrini bölüşüblər. Azərbaycanı bu simpoziumda tanınmış alim - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zaur Həsənov təmsil edib.

Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən “Min zaman – Bir Türküstan” adlı musiqili tamaşa olub.

Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonuna səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.

Tədbir Türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi-praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.

"Cebheinfo.az"