Los-Ancelesdə komendant saatı elan edilib

Los-Ancelesdə komendant saatı elan edilib

Los-Anceles meri Karen Bass şəhərdə komendant saatı elan etdiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinin meri Karen Bass qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etiraz aksiyaları zamanı baş verən hadisələrə görə komendant saatı elan etdiyini deyib. 

Komendant saatı yerli vaxtla 20:00-da başlayacaq, 06:00-a qədər davam edəcək və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacaq. Karen Bass sosial media hesabında komendant saatını pozanların həbs ediləcəyini bildirib: 

"Los- Angeles şəhərinin mərkəzindəki vəziyyəti yaxından izləyirəm və icmalarımızı qorumaq üçün yeni tədbirlər görməyə hazırlaşıram. Bu gecə saat 20:00-dan etibarən Los-Ancelesin mərkəzində komendant saatı elan etdim. Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları həbs edəcək və sizi cinayət məsuliyyətinə cəlb edəcəklər”. 

ABŞ Prezidenti Tramp Şimali Karolinadakı Fort Bragg bazasında təşkil edilən mərasimdə Los-Ancelesdəki hadisələri və gündəmi dəyərləndirib. Tramp hadisələrin qəbuledilməz olduğunu və əyalət hökumətinin “səriştəsiz” olduğu üçün asayişi bərpa etmək üçün hərəkətə keçdiyini bildirib. 

Etirazçıların əksəriyyətinin "pul müqabilində" zorakılığa məruz qaldığını deyən Tramp "Onlar qürurla başqa ölkələrin bayraqlarını daşıyırlar, amma Amerika bayrağını daşımırlar. Sadəcə onu yandırırlar. Amerika bayrağını yandıranlar 1 il həbs cəzası almalıdırlar",- deyib. 

Los-Ancelesə minlərlə Milli Qvardiya göndərməsə, şəhərin yandırılaraq yerlə-yeksan ediləcəyini deyən Tramp, Kaliforniya qubernatoru Gavin Nevsomun “bacarıqsız” və “yetərsiz” olduğunu qeyd edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"