Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir – FOTOLAR

Xankəndi şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyası davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, şəhərin küçə və prospektlərində, park və xiyabanlarda 17 500 ədəd mövsümi dekorativ kol və gül-çiçək əkilir.
Mərkəzi küçələrdə 80 ədəd çinar və müxtəlif növ ağaçların, şəhərin bəzi ərazilərində isə 4 min kv. metr qazon əkilməsi nəzərdə tutulur.
Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq və müxtəlif gübrələrlə zənginləşdirilib, aqrotexniki qulluq göstərilib, suvarılma təmin edilib.
Həyata keçirilən aksiyanın məqsədi şəhər əhalisi və qonaqların xoş istirahətini təmin etməklə yanaşı, Xankəndinin ekoloji mühitinin sağlamlaşdırılmasını sürətləndirmək, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir.
Qeyd edək ki, mövsümü gül əkini aksiyası qarşıdakı günlərdə də davam etdiriləcək.
“Cebheinfo.az”