QHT toxuculuq və ebru kurslarında ilk dəsrlərə başladı - FOTOLAR

"Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi (TTXMİDİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihənin icrasına başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İdarə Heyəti üzvü Məlahət Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, TTXMİDİB tərəfindən layihədə tərəfdaş təşkilat kimi iştirak edən Bakıdakı Yunus Əmrə İnstitutunda toxuculuq və ebru sənəti üzrə təlim kursları təşkil edib.
Bu gün artıq kurslarda ilk dərslər başladı. Dərslərə başlamazdan əvvəl Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Güven Çolak, İnstitutun Mədəniyyət üzrə koordinatoru Aygün Ələkbərzadənin iştirakı ilə açılış tədbiri təşkil olundu. Güven Çolak, layihə rəhbəri Zərnişan Azayeva bu əməkdaşlıqdan məmnun olduqlarını bildirdilər.
Qeyd edək ki, toxuculuq və ebru sənətinin öyrənilməsinə maraq çoxdur. Kurslarda nəzərdə tutulduğundan artıq tələbə ilk dərsdən maraqla iştirak edirlər.
Layihə ərzində uşaq evlərindən olan gənc qızlar, şəhid ailəsi üzvləri, evdar, işsiz qadınlara toxuculuq və ebru sənəti haqqında nəzəri biliklər veriləcək, praktiki dərslərdə tələbələr Azərbaycan və digər Türk xalqlarına məxsus milli naxışlarla əl işləri hazırlayacaq.
"Cebheinfo.az"