Dünya Bankı: Qlobal iqtisadi artım səviyyəsi azalacaq

Dünya Bankı: Qlobal iqtisadi artım səviyyəsi azalacaq

Dünya Bankının çərşənbə axşamı, iyunun 10-da dərc etdiyi hesabatda deyilir ki, artan ticarət maneələri və siyasi qeyri-müəyyənlik səbəbindən bu il qlobal iqtisadi artım səviyyəsinin azalacağı gözlənilir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, “Qlobal iqtisadi perspektivlər” adlı hesabata görə, iqtisadi artımın 2,3 faizə qədər zəifləyəcəyi və ya ilin əvvəlində gözləniləndən təxminən yarım faiz bəndi aşağı olacağı proqnozlaşdırılır.

Dünya Bankı qeyd edir: “Qlobal yanaşmalar may ayının sonlarında mövcud olan tarif dərəcələrinə yaxındır. Müvafiq olaraq, ABŞ və ticarət tərəfdaşları arasında əvvəllər elan edilmiş tarif artımlarına fasilələrin davam edəcəyi güman edilir”.

Hesabata görə, qlobal tənəzzül gözlənilməsə də, orta artım səviyyəsi 1960-cı illərdən bəri istənilən onilliyin ən yavaşına çevrilmək yolundadır. İqtisadiyyatların təxminən 70 faizində artım proqnozları azaldılır, ən yoxsul ölkələr isə bu proseslərdən daha çox təsirlənir.

Əksər inkişaf etməkdə olan ölkələrdə (onların təxminən 60 faizində) iqtisadi artım 2025-ci ildə orta hesabla 3,8 faiz təşkil etməli, sonrakı iki ildə 3,9 faizə çatmalıdır ki, bu da 2010-cu illərdəki orta göstəricidən bir faizdən də aşağıdır.

Dünya Bankı bildirir ki, yavaşlama tempi inkişaf etməkdə olan ölkələrin iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və daha zəngin iqtisadiyyatlarla gəlir fərqlərinin aradan qaldırılması kimi sahələrdə göstərdiyi səylərə mənfi təsir edəcək.

Bankın birinci vitse-prezidenti və baş iqtisadçı İndermit Gill deyib: “Bu gün dünya iqtisadiyyatı bir daha çalxalanma ilə üzləşib. Sürətli kurs korreksiyası olmasa, həyat standartlarına dəyən zərər daha dərin ola bilər”.

Hesabat ticarət əlaqələrinin yenidən qurulmasına çağırır və vurğulayır ki, iqtisadi əməkdaşlıq bütün tərəflər üçün alternativlərdən daha yaxşıdır.

“Ölkələri işçilərin lazımi bacarıqlarla təchiz olunmasını təmin etməklə biznes mühitini yaxşılaşdırmağa və məşğulluğu təşviq etməyə çağırırıq. İqtisadi artım hökumətlər üçün rifahı, daxili sabitliyi və həmrəyliyi təmin etmək üçün əsas katalizator rolunu oynayır”, -deyə Dünya Bankı qeyd edir.

"Cebheinfo.az"