İşçinin əmək hüquqlarını pozan şirkət cərimələnib

“Billur Firması” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən “Billur Petrol” yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda, Cəmiyyətin direktoru İlham Kamıl oğlu Dəmirov barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.
"Cebheinfo.az"