Taksidən düşüb avtobus və metroya minirik: “Say azalacaq”

Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahanlar təşkil edir.
Dünən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib. İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizəd qeydiyyatdan keçib ki. onlardan 1445 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1261 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Beləliklə. 200-ə yaxın sürücü imtahandan kəsilib. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılıblar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Maraqlıdır, sürücülərə şəhadətnamə verilməsi taksi qiymətlərinə təsir edirmi və taksi azlığının səbəbi imtahanla bağlıdırmı?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a taksi sürüləri üçün keçirilən imtahanların taksi qiymətlərinə təsir edəcəyini düşünmədiyini deyib:
“Taksi qiymətləri tövsiyə olunan və dəyişən tarifdir. Bu, sürücülərin imtahanına, kurs keçməsinə hər hansı bir aidiyyəti, təsiri yoxdur.
Ölkədə taksi azlığının səbəbi odur ki, taksidə əvvəl istismar olunan köhnə nəqliyyat vasitələri dövriyyədən çıxarılıb və eyni zamanda peşəkar qaydada, qazanc məqsədilə çalışmayan, əyləncə naminə, digər məqsədlərlə taksi sürücülüyü edən insanlar sadəcə taksidən kənarlaşdırılıb. Rəsmi olaraq bildirilir ki, təxminən hazırda Bakı və Abşeronda 30 min taksi fəaliyyət göstərir. Ümumi Azərbaycan üzrə taksi statistikası yoxdur”.
O bildirib ki, hazırda taksiyə olan tələb getdikcə azalır:
“Görürük ki, ictimai nəqliyyatın avtobus seqmentində say artır və yenidən dirçəliş prosesi gedir.
Metroya tunellər, stansiyalar, depolar tikilir, yeni qatarlar gətirilir və artıq müşahidə edirik ki, qatarlar arasındakı interval da azalır. Belə olan halda taksiyə olan tələb azalır. Əgər belə davam edərsə, ictimai nəqliyyatda vəziyyət getdikcə sürətlə də olmasa, mərhələylə yaxşılaşdıqca, taksi sayı o qədər də artmayacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”