Azərbaycanda tullantıların həcmi 7 %-dək artıb

Azərbaycanda tullantıların həcmi 7 %-dək artıb

Ötən il ölkədə 4365 min ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı əmələ gəlib və onların 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il yaranmış 3025,4 min ton bərk məişət tullantılarının 80,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt saat və ya 2023-cü illə müqayisədə 4,3 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,2 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 15,3 faizi ölkə daxilində satılıb, 1,4 faizi ixrac olunub, 11,6 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 49,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 6 faiz olub. Tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

"Cebheinfo.az"