Süni intellekt işləyir, işçilər dincəlir

"Google"-un Böyük Britaniyada həyata keçirdiyi pilot proqram göstərib ki, süni intellektdən (Sİ) düzgün istifadə işçilərə ildə 120 saatdan çox vaxt qazandırır.
Şirkətin hesablamalarına görə, bu imkanlar ölkə iqtisadiyyatına ümumilikdə 400 milyard funt sterlinq (təxminən 533 milyard dollar) əlavə gəlir gətirə bilər.
"Cebheinfo.az" xəbər verir ki, "Google" bu qədər fayda əldə etmək üçün işçilərə Sİ-dən istifadə etməyə icazə verilməli və onlara qısa təlimlər keçirilməli olduğunu bildirib. Təcrübə göstərib ki, cəmi bir neçə saatlıq təlim belə, texnologiyanın gündəlik işə inteqrasiyasını ikiqat artırır və iqtisadi məhsuldarlığı artırır.
"Google"-un Avropa, Yaxın Şərq və Afrika üzrə rəhbəri Debbi Vaynşteyn deyib ki, “AI Works” adlı bu pilot layihə kiçik biznes, təhsil müəssisələri və həmkarlar ittifaqlarında sınaqdan keçirilib.
Onun sözlərinə görə, işçilər Sİ-dən əsasən inzibati işlərdə istifadə edərək ildə orta hesabla 122 saat vaxta qənaət ediblər. Bununla belə, bir çox insan texnologiyanı sınaqdan keçirməyə çəkinib. Onlar “Mən bunu işlədə bilərəmmi?”, “Bu qanunidirmi?” kimi suallarla tərəddüd ediblər.
Debbi Vaynşteyn deyib ki, insanlara bu sahədə güvən verildikdən sonra onlar Sİ-dən istifadə etməyə daha rahat yanaşıblar. "Google"-un tərəfdaşı olan "Public First " şirkətinin apardığı araşdırma da maraqlı nəticələr ortaya qoyub.
Məlum olub ki, təlimə qədər 55 yaşdan yuxarı qadınların yalnız 17%-i həftədə bir dəfə Sİ-dən istifadə edirdisə, 3 ay sonra bu rəqəm 56%-ə yüksəlib. Günlük istifadə edənlərin sayı isə 9%-dən 29%-ə çatıb.
Səbinə Uğur
"Cebheinfo.az"