Azərbaycanda həbsdə olanlara təzminat verilə bilər: Hansı halda?

ABŞ-də Texas ştatının Cinayət Apellyasiya Məhkəməsi 20 il həbsdə olan amerikalı Kerri Kuku günahsız hesab edib.
Bu barədə CNN məlumat yayıb. Belə ki, kişi 1977-ci ildə 21 yaşlı qonşusu Linda Edvardsı zorlamaqda və öldürməkdə təqsirli bilinib.
1979-cu ildə o, ölüm cəzasına məhkum edilib, lakin sonradan hökm ləğv olunub.
1992-ci ildə münsiflər heyəti yekdil qərara gələ bilməyib.
1994-cü ildə Kerri Kuk yenidən ölüm cəzasına məhkum edilib. 1999-cu ildə amerikalı istintaqla sövdələşib və həbsdə keçirdiyi 20 ili nəzərə alaraq sərbəst buraxılıb.
Bu həftə Texas məhkəməsi sübutların yanlış təfsiri və prokurorların yalan ifadələrinə görə 68 yaşlı Kuku günahsız sayıb.
Xarici ölkələrdə günahsız yerə həbs müddəti çəkən şəxslərə təzminat ödənilməsi təcrübəsi var. Azərbaycanda da belə təcrübə varmı? Bu, qanunla mümkündürmü?
Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, məhkəmə yalnışlıqları bütün dünya ölkələrində baş verə bilər:
"Hətta ən inkişaf etmiş hüquq sisteminə malik ölkələrdə belə məhkəmə yalnışlıqları ilə bağlı xəbərlər oxuyuruq. Bu səhvlərin mümkünlüyü bir daha təsdiq edir ki, ölüm hökmü aradan götürülməlidir. Ona görə də bütün dünyada bu sahədə mübarizə gedir.
Məhkəmə səhvi illər sonra aşkar edildikdə, hökm oxunan şəxsə kompensasiya ödənilir. Lakin yalnış qərarla ölüm hökmü oxunan şəxs nə vaxt bəraət alarsa, artıq onu həyata qaytarmaq olmur. Bu halda kompensasiya hüquqi varislərə verilir".
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda məhkəmə səhvləri çoxdur:
"Digər ölkələrdə məhkəmə səhvlərinə istintaq düzəliş etsə də, bizdə bu, nadir hallarda olur. Qeyd edim ki, bizdə bəraətlər də limitli saydadır. Digər ölkələrdə hakimlər də azaddır. Kompensasiyaya gəldikdə isə, xaricdə bu məbləğ milyonlarla manatı əhatə edir. Azərbaycanda kompensasiyanın hansı meyarlarla verildiyi bilinmir. Bizdə İlqar Məmmədovun, NİDA-çıların bəraət alınması nəticəsində onlara kompensasiya ödənildi. Amma meyarlar heç kimə bəlli deyil. Bu da mütəxəssislər arasında şübhə yaradır. Çünki insan bilməlidir ki, qanunsuz həbsə görə nə qədər kompensasiya almalıdır".
Ləman İsmayıl
"Cebhe.info"