Fənlərin ləğvi : Repetitorlara “qapı açacaq” 

Fənlərin ləğvi : Repetitorlara “qapı açacaq” 

Son günlər təhsillə bağlı ən çox müzakirə olunan mövzulardan biri növbəti tədris ilindən 6-cı siniflərdə “Təbiət” fənninin tədris ediləcəyi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağı ilə bağlıdır.

Elm və Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib:

“ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib. 2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur.

“Təbiət” fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır”.

Qeyd edilib ki, V-VI siniflərdə təbiət fənni tədris edilmiş şagirdlər IX və XI siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırılacaq.

Qeyd edək ki, VI siniflərdə “Təbiət” fənninin tədrisi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağı fikri birmənalı qarşılanmayıb.

Belə ki, bəzi təhsil ekspertləri “Təbiət” fənninin tədrisini dərs yükünün azaldılması istiqamətində müsbət addım kimi dəyərləndirsələr də bu zaman şagirdlərin istənilən səviyyədə təhsil ala bilməyəcəyi, eləcə də müəllimlərin necə tədris aparacağı ilə bağlı problemlər yaranacağını deyirlər.

ümumiyyətlə, “Təbiət” fənninin tədrisi fizika, kimya və biologiya fənlərini əvəzləyirsə, şagirlərə tələb olunan biliyi verə biləcəkmi?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, hazırda orta ümumtəhsil məktəblərində tədris olunan fənlərin bir çoxu akademik bilikləri özündə əks etdirir:

“Yəni mütləq şəkildə bu biliklər gələcəkdə təhsillə bağlı çox vacib nüans hesab olunur. Ancaq bir neçə ildir ki, bizim orta ümumtəhsil məktəblərində tədris olunan fənlərdən çıxarılanlar var. Məsələn, “İqtisadiyyat”, “Konstitusiya”, “Astronomiya” kimi fənlər proqramdan çıxarılıb, artıq bunlar yoxdur.

Onlar “Həyat bilgisi”nin içərisində keçirilir. Elm və Təhsil Nazirliyinin yeni layihələrindən biri “Təbiət” fənni ilə bağlıdır. Belə ki, orta ümumtəhsil məktəblərində əvvəllər pilot layihə olaraq Təhsil İnstitutu tərəfindən V siniflər üçün hazırlanmış “Təbiət” kitabı var idi. Bu kitab özündə bir neçə fənni əks etdirirdi. Yəni bu həmin “Təbiət” dərsliklərində fizika, biologiya, kimya və coğrafiyaya aid mövzular hazırlanırdı.

Hesab edirəm ki, bu, olduqca yalnış addımdır. Çünki hər bir adıçəkilən fənnin özü insanın həyat və fəaliyyəti üçün akademik bilikləri özündə əks etdirir. İstər kimya, istər fizika, istər coğrafiya, istərsə də biologiya düyada ayrı-ayrılıqda tədris olunan bir fənndir. O, yuxarı siniflərdə də tədris olunur və alternativi ola bilməz. Bu birinci problemdir”.

İkinci problemə gəldikdə isə ekspert deyir ki, bu, dərs deyəcək müəllimlərlə bağlıdır:

“Orta ümumtəhsil məktəblərində müəllimlər öz fənlərinin tədrisi ilə bağlı ciddi problem yaşayırlar. Kimya müəlliminə fizikadan, biologiyadan 1-3 aylıq kurs keçib demək istəyirik ki, siz gəlin, bu fənləri tədris edin”.

Əlbəttə, bu, keyfiyyətli ola bilməz. Biz kifayət qədər uşaqlara zəruri bilik və bacarıqları verməkdə əziyyət çəkəcəyik. Onsuz da uşaqlara orta məktəblərdə heç nə öyrətmirlər, öyrənə bilmirlər.

"üç il ərzində tədrisin keyfiyyəti ciddi dərəcədə aşağı düşüb. Orta ümumtəhsil məktəblərində fənlərin keyfiyyətli tədrisi həyata keçirilə bilməyəcək. Yəni biologiya müəlliminin öz ixtisası var və 1-3 aylıq kursla coğrafiya fənnini tədris etməsi birmənalı şəkildə keyfiyyətli alınmayacaq. Biz uşaqlara zəruri bilik və bacarıqları verə bilməyəcəyik. Yekunda təhsil sistemi daha da da repetitorluqdan asılı vəziyyətə düşəcək”.

Nigar Abdullayeva
Cebhe.info