Gündəm olan yaşlı kişi ilə bağlı xəbər var

Gündəm olan yaşlı kişi ilə bağlı xəbər var

Bir neçə aydır Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə yerləşən küçədə gecələyən yaşlı bir kişi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, kişinin bu müddət ərzində bir neçə dəfə sığınacağa yerləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaşla bağlı məsələ nəzarətə götürülüb:

"Sözügedən vətəndaşla bağlı məsələ diqqətimizdədir. Onunla bağlı daha əvvəl də Sosial Xidmətlər Agentliyinin əməkdaşları maraqlanıblar. O, Lənkəranın Darquba kənd sakinidir. Ailəsindən ayrıldıqdan sonra Bakıya köçüb, kirayədə yaşayıb. Sonradan Nərimanov rayonu ərazisində parkda gecələyib.

Vətəndaşın dediyinə görə, 4 övladı olsa da, atalarının vəziyyəti maraqlanmayıblar. Vətəndaşın səhhətində problemlər olduğundan o daha əvvəl əməkdaşlarımız tərəfindən müraciət olunmaqla, müalicə kursu alması üçün aidiyyəti səhiyyə müəssisəsinə yerləşdirilib. 

O, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib. Müəssisədə o stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə, qidalanma, geyimlə təmin olunacaq. Eyni zamanda məşğulluq imkanları araşdırılacaq. Bu istiqamətdə də dəstək göstərilməsi təmin olunacaq".

Naibə
"Cebhe.info"