Pullu yolla bağlı suallara cavab: Çəpərlənib, sürət həddi isə... - RƏSMİ

Pullu yolla bağlı suallara cavab: Çəpərlənib, sürət həddi isə... - RƏSMİ

Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ödənişli olacaq. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Tarif Şurası yeni avtomobil yolu üçün qiymətlər təyin edib. Yoldan istifadə edən minik avtomobilləri 12 AZN, yük avtomobilləri 15 AZN, avtobuslar 10 AZN, TIR-lar və qoşqular isə 25 AZN ödəməli olacaqlar. 

Bu yola alternativ olan ənənəvi yol eyni şərtlərə cavab verirmi? Hər iki yolun uzunluğu və sürət həddi nə qədərdir? 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında ənənəvi yolun yenidən təmir olunduğunu deyib: 

“Ənənəvi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun uzunluğu 208 kilometrdir. Ötən il həmin yolun Qubadan Bakı istiqamətində olan hissəsi tam olaraq bərpa olundu, yenidən quruldu. Bu il isə Bakıdan Quba istiqamətində olan hissəsi hardakı yolun yenidən qurulmasına ehtiyac var idi, o hissələrdə də yenidən qurulma işləri həyata keçirildi. Gələcəkdə bərpasına ehtiyac yaranacaqsa, yenə də orda təmir-bərpa işləri həyata keçiriləcək”. 

Qurum rəsmisi yeni yolun köhnə yoldan qısa olduğunu və sürət həddinin də artıq olduğunu qeyd edib: 

“Yeni tikilən yolun uzunluğu 150 kilometrdir. Onun 129 kilometrinin hissəsinin ödənişli olması nəzərdə tutulur. Ümumilikdə, ənənəvi yolla müqayisə etdikdə köhnə yol 208 kilometr, yeni yol istiqaməti üzrə Rusiya Federasiyası sərhədinə qədər 195 kilometrdir. Yəni 13 kilometr daha qısadır. Yeni yol başdan-başa birinci dərəcəlidir, yəni dörd hərəkət zolaqlıdır. Mövcud yolun isə 80 kilometri birinci dərəcəli, dörd hərəkət zolaqlı, 60 kilometri isə ikinci dərəcəli, iki hərəkət zolaqlıdır.

Ənənəvi yolda sürət həddi 60-90 olaraq dəyişir, yeni tikilən yolda isə sürət həddinin 110-120 olması nəzərdə tutulur. Yeni yol hər bir tərəfdən çəpərlənib, qorunur. Kənar müdaxilə mümkün deyil, yola hər hansı bir maneə çıxa bilməz. Ona görə də hazırda orda yol üzrə istifadə qaydaları hazırlanır. Təbii ki, orada sürət həddi məsələsi də öz əksini tapacaq”. 

Günay Şahmar 
Cebhe.info