Bir tərəfdə kəndlər, digər tərəfdə müharibə təlaşı

Bir tərəfdə kəndlər, digər tərəfdə müharibə təlaşı

“Ermənistan Azərbaycanın Tavuş vilayətinin və Qazaxıstanın 4 kəndinin bir hissəsindən Azərbaycanla sərhədin demarkasiyası prosesinin başlanmasının əleyhinə deyil”. 

“Cebhe.info”-nun məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı belə deyib. O, həmin ərazilərdə demarkasiyanın təhlükəsizliyi təmin etməyəcəyini bildirib. Lakin Paşinyan bəyan edib ki, bu problemin həll edilməməsi təhlükəsizlik təhdidlərinin davamlı artmasını təmin edəcək. “Biz bunu neytrallaşdırmalıyıq”,-deyə Baş nazir əlavə edib. 

Onun sözlərinə görə, delimitasiya məsələsinin həlli Ermənistan ərazisinə yeni hücumun olmayacağına zəmanət vermir, əksinə genişmiqyaslı eskalasiya ilə doludur. Paşinyanın fikrincə, Tavuşdakı delimitasiya həm də sərhədin digər hissələrində delimitasiya işləri çərçivəsində 30-dan artıq erməni kəndinin həyati əhəmiyyət daşıyan “əraziləri”nin Ermənistana qaytarılmasına Azərbaycanın razı olacağına zəmanət vermir. Buna baxmayaraq, delimitasiya aparılmalıdır, deyən Baş nazir “tarixi Ermənistan”la real Ermənistan arasında delimitasiya prosesinin son dərəcə ağrılı olduğunu vurğulayıb. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da aprelin 9-da parlamentdə delimitasiya və demarkasiya ilə bağlı keçirilən qapalı iclasda Qazax rayonunun işğal altında saxlanılan dörd kəndinin qaytarılmasının zəruri olduğunu deyib.

İclasda Baş nazirin nazirin müavini Mher Qriqoryan da iştirak edib. “Hraparak” qəzetinin yazdığına görə, Mher Qriqoryan hazırda Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqların davam etdiyini vurğulayıb. 

Xarici işlər naziri Ararat Mirzoyan isə gərgin şəkildə açıq mətnlə deyib:

“Azərbaycanın tələblərini rədd etməməliyik, rədd etmək üçün resurslarımız yoxdur. Əks halda, müharibə olacaq”. 

Qəzet yazır ki, iclasda Mirzoyanın əhval-ruhiyyəsi çox korlanıb, müxalif deputatlar onun üstünı qışqırıblar, danışıq tonunu dəyişməyə çağırıblar. 

Xatırladaq ki, Azərbaycan birinci mərhələdə Qazaxın işğal edilmiş anklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin qaytarılmasını tələb edir. Ermənistan hakimiyyəti ilkin mərhələdə buna razılaşdığını və həmin yaşayış məntəqələrinin Azərbaycana məxsus olduğunu bəyan etsə də, son günlər bu problemin həlli ilə bağlı hər hansı addım atmır, proses uzadılır. Ermənistanın Baş naziri Nikol Paşinyan da bir müddət əvvəl Tavuş bölgəsində əhali ilə keçirdiyi görüşdə kəndləri təcili qaytarmasalar, müharibə olacağını demişdi. Onun bu bəyanatı Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanmış, Paşinyan qorxaqlıqda suçlanmışdı. 

Lakin Nikol Paşinyanın mart ayında Qazax rayonu ilə sərhədə səfərindən sonra həm özünün, həm də Ararat Mirzoyanın səsləndirdiyi bir sıra açıqlamalar “Ermənistan dörd kəndi qaytarmaqdan niyə yayınır?” sualının cavabını aydın göstərir. 

Hələ mart ayının 21-də Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın həmin kəndlərə heç bir iddiasının olmadığını, bu ərazilərin Azərbaycana qaytarılmalı olduğunu desə də, çıxışını siyasi şərt irəli sürməklə yekunlaşdırmışdı:

“Biz qeyd etmişik ki, sərhədin demarkasiyası prosesinə siyasi dəstək Almatı Bəyannaməsidir. İndi bizim qarşımızda Ermənistan və Azərbaycan SSR arasında 1991-ci ildə mövcud olan sərhədin mövcudluğunun hüquqi əsaslarını müəyyən etmək dayanır. Xəritələrin özü hüquqi bazanı təkrarlayır. Ermənistan sovet respublikalarının səlahiyyətli orqanlarının qəbul etdiyi qərarlar, topoqrafik xəritələr və sənədlər əsasında bu ərazidə tam demarkasiya aparmağa hazırdır”. 

Baş nazir sonra əlavə edib:“Yəni Ermənistan tərəfdən Bağanisdən başlayıb Berkaber (Bibiş) məntəqəsində bitən bir hissədən söhbət gedir. Biz bu məntəqəni birinci bölgü kimi təyin etməyə hazırıq. Bu, sərhədin bir hissəsi kimi demarkasiyaya aiddir".

Ermənistan rəsmilərinin bəyanatlarından göründüyü kimi, Qazax rayonunun 4 kəndinin qaytarılmaması sülh danışıqlarında yaranmış fikir ayrılığı ilə bağlıdır. Bunu xarici işlər naziri Ararat Mirzoyanın aprelin 7-də Ermənistan İctimai televiziyasına verdiyi açıqlamadan da görmək olar. Mirzoyanın sözlərinə görə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Almatı Bəyannaməsi əsasında həyata keçirilməsini, sülh müqaviləsində həmin sənədə istinad olunmasını təklif edir. Lakin Azərbaycan Ermənistanın bu mövqeyini qəbul etmir. Ermənistan dörd kəndin qaytarılması müqabilində qoşunları şərti sərhədə çəkməyi, delimitasiya və demarkasiyası prosesinin 1991-ci il xəritələri və ya Almatı Bəyannaməsi əsasında aparılmasını təklif edir. 

Eyni zamanda, rəsmi İrəvan bu razılaşmanı sülh sazişinin mətninə daxil etməklə Azərbaycanın qarşısında hüquqi öhdəlik yaratmaq istəyir. Ermənistan hakimiyyəti yalnız bu halda delimitasiya və demarkasiya prosesinin Tavuş vilayətinin Qazax rayonu ilə sərhədindən başlanmasına razı olacağını bildirir. Əgər Azərbaycan sərhədlərin 1991-ci il xəritələri əsasında müəyyənləşməsinə razılıq verərsə, Ermənistan növbəti mərhələdə anklav kəndləri qaytara bilər. Ancaq Ermənistanın bu şərtinin hüquqi əsası olmadığına görə Azərbaycan Almatı Bəyannaməsi əsasında sərhədlərin müəyyənləşdirilməsinə müsbət baxmır. Ona görə də Ermənistan səkkiz kəndi bir növ təzyiq aləti kimi əlində saxlayır.

Lakin Paşinyan hakimiyyəti işğal faktı aradan qaldırılmadan Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq güc təbiq etməklə öz ərazilərini azad edəcəyini anlayır. Müharibə baş verəcəyi təqdirdə, səkkiz kənd azad olunmaqla yanaşı, Sovet dövründə qanunsuz yolla Ermənistana bağışlanmış bir sıra Azərbaycan torpaqları da qaytarıla bilər. 

Paşinyanın və Mirzoyanın son açıqlamaları Ermənistanın dörd kəndi qaytarmağa hazır olduğunu nümayiş etdirsə də, bu anlaşmaya sadəcə, müharibə təhlükəsini neytrallaşdırmaq vasitəsi kimi yanaşdığını təsdiq edir. Paşinyanın “kəndlərin qaytarılması Ermənistan ərazisinə yeni hücumun olmayacağına zəmanət vermir” tezisinin arxasında isə sülh müqaviləsindən yayınmaq üçün konkret mesajlar dayanır. Ermənistan ərazi bütövlüyünün təhlükə altında olduğuna dair Baş nazirin icmarıcı ilk növbədə, Qərbə ünvanlanıb. Paşinyan bununla da Ermənistanın təhlükəsizliyinə Qərbin təminat verməsinə nail olmağa çalışır. İkincisi, Paşinyan hətta kəndlər qaytarılsa belə, Almatı Bəyannaməsinə istinadən sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasına dair öhdəliyin sülh müqaviləsinin mətninə daxil edilməsindən israrlıdır. Əks təqdirdə, Paşinyan sülh sazişini imzalamayacağına və bölgədə müharibə riskinin qalmaqda davam edəcəyinə işarə vurur. 

Eyni zamanda, Paşinyan yenidən “31 kənd” məsələsini dilə gətirməklə kəndlərin qaytarılması müqabilində Azərbaycanla şərti sərhəddə yerləşən yüksəkliklərə ərazi iddiası irəli sürür. Lakin Azərbaycan qanunvericiliyinə görə, həmsərhəd dövlətlə sərhəddin rəsmiləşdirilməyən hissəsi dövlətlərarası müqavilə ilə təsbit edilir. Eləcə də sərhəd xəttinin nişanlanmaması, yəni delimitasiya və demarkasiya prosesi Azərbaycan qanunvericiliyi və dövlətlərarası müqavilə ilə müəyyən edilir. Azərbaycanla Ermənistan arasında isə dövlət sərhədlərinə dair müqavilə yoxdur.

Ermənistan 1991-ci il Almatı Bəyannaməsini imzaladıqdan sonra Azərbaycan ərazilərini işğal etməklə bu sənədə üzrə götürdüyü öhdəliklərdən imtina edib. Rəsmi İrəvan açıq şəkildə Azərbaycanla sərhədi tanımadığını bəyan edib. Ona görə də iki ölkə arasında sərhəd xətti yenidən müəyyənləşməlidir. 

Müşfiq Abdulla 
“Cebhe.info”