Təbrizdə İrəvan konsulluğu açılır: Təklif kimdən gəlib?

Təbrizdə İrəvan konsulluğu açılır: Təklif kimdən gəlib?

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib.

Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq.

Maraqlıdır, İrəvan Təbrizdə baş konsulluğunu açmasının əsas səbəbi nədir?

Bu barədə Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebhe.info”-ya xatırladıb ki, 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsindən sonra bu cür hallar normal qəbul olunmalıdır:

“Çünki Ermənistanın hazırkı rəhbərliyi reallıqları qəbul edir və erməni xalqına yalnız bədbəxtlik gətirmiş "qonşulara qarşı ərazi iddiası" siyasətindən imtina etmək istəyir.

Doğrudur, revanşist qüvvələr buna əngəl olur. Düşünürəm ki, Nikol Paşinyan devrilsə belə, gələcək yeni iqtidar reallıqları qəbul etmək məcburiyyətində qalacaq. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Bu baxımdan Ermənistanın İranın hansısa şəhərində diplomatik nümayəndəlik açmasına normal baxıla bilər.

Lakin məkan olaraq Təbrizin seçilməsi çoxlu suallar yaradır. Axı Tehran, Urmiya, İsfahanda Təbrizə nisbətən daha çox erməni yaşayır. Məntiqlə konsulluq orada açılmalı idi. Burada incə bir nüans var. Çox güman ki, bu təklif Tehrandan gəlib”.

Həmsöhbətimiz hesab edir ki, baş konsulluğun Təbrizdə açılması yəqin ki, həm də İsraillə yaxşı münasibətlər qurmuş Azərbaycana mesajdır:

“İstənilən halda Azərbaycanın mənəvi başkəndi Təbrizdə Ermənistanın konsulluğunun açılması Güney azərbaycanlılara qarşı saymazlıq və hörmətsizlikdir. 

44 günlük müharibə zamanı Azərbaycanın işğalçı üzərində qələbəsi güneyli soydaşlarımız sevindirmişdi. Molla rejimi işğalçını dəstəkləyirdi, Güney Azərbaycan xalqı quzeydəki soydaşlarını. Görünür molla rejimi Təbrizlə İrəvan əlaqələrinin güclənməsinə rəvac verməklə quzeylə güney arasında soyuqluq yaratmaq istəyir”. 

Elman Cəfərli bildirib ki, İran tərəfi Təbrizdə Ermənistan konsulluğunun açılmasını ermənilərin azərbaycanlılar arasında hörmət və dəyərinin artmasına səbəb olacağını deyirlər:

“Hazırda konsulluq əməkdaşlarının Təbrizin cümə imamı, siyasi və mədəni fəalları ilə görüşləri planlaşdırılıb”.

Həsən Məmmədov
“Cebhe.info”