COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib - FOTOLAR

COP29-un işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün ilk təlim keçirilib - FOTOLAR

Martın 13-də Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçirilib. 

"Cebhe.info" xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib, medianın, ilk növbədə, ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji biliklərə yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib. İcraçı direktor, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumentlərlə cavab verməlidir.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq belə təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.

Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nüməyəndələrinin böyük rolunun olduğunu söyləyib.

İngilis dilində keçirilən təlimdə bərpaolunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” mövzusunda məruzələrlə çıxış edib.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının baş elmi işçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” mövzularında media nümayəndələri ilə geniş müzakirələr aparıb.

Sonda təlimçilər jurnalistlərin iqlim dəyişikliyi ilə bağlı suallarını cavablandırıblar.

"Cebhe.info"