Heydər Əliyevin multikultural siyasəti Bolqarıstan mediasında

Heydər Əliyevin multikultural siyasəti Bolqarıstan mediasında

Bolqarıstanın //www.bta.bg xəbər portalında yayımlanan məqalədə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin multikultural siyasi kursunun ölkəmizdə yüksək səviyyədə davam etdirilməsindən və Azərbaycandakı bolqar icmasına yaradılmış şəraitdən söhbət açılıb.

Məqalədə Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbəri, “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasovanın fikirlərinə geniş yer verilib. Azərbaycanı və Bolqarıstanı iki doğma ölkəsi adlandıran birlik rəhbəri və baş redaktor bildirib ki, Gəncədə dünyaya gəlib. Onun əcdadları Zaporojyedəki bolqar icmasından olub, lakin aclıq başlayandan sonra Azərbaycanın ən iri şəhərlərindən biri olan Gəncəyə köçüblər. Bolqar dilini ona öyrədən nənəsi deyib ki, məhz Gəncədə onlara çörək, iş verilib və yaşamaq üçün ev ayrılıb.

Mariya-Hüseynova-Atanasova nəzərə çatdırıb ki, Azərbaycanda yaşayan etnik icmalara öz milli kimliyini, dillərini və adət-ənənələrini qoruyub saxlamaq üçün bütün şərait yaradılıb: “Mən çox minnətdaram ki, biz Azərbaycanda dilimizi, milli kimliyimizi, adət-ənənələrimizi, dinimizi qoruyub saxlayırıq. Heç kim bizə heç bir vaxt mane olmur. Mən Azərbaycanla Bolqarıstan arasında çoxlu ümumi cəhətlər görürəm”.

Bildirib ki, 2005-ci ildən mövcud olan “Akkord” jurnalı artıq 18 ildir bolqar dilində dərc olunur. Jurnalın son nömrəsi isə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub: “Heydər Əliyev müstəqilliyimizin memarıdır. Biz dinc şəraitdə yaşayırıq. Mən şahidəm. Prezidentimiz İlham Əliyev də Heydər Əliyevin siyasi kursunun davamçıdır”.

Baş redaktor Azərbaycandakı gənclər və idman naziri müavininin bolqar əsilli olmasına diqqəti cəlb edib: “Jurnalımıza müsahibə verən Maryana Vasilyeva Bolqarıstandan olan bolqardır. Onu Azərbaycana ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyeva dəvət edib. Öncə Vasilyeva bədii gimnastika üzrə məşqçi idi. Elə uğurlara nail oldu ki, onu nazir müavini təyin etdilər. O, böyük işlər görür”.

Azərbaycan Slavyan Universitetinin nəzdində Bolqar dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi, həmin mərkəzdə mübadilə proqramı üzrə Azərbaycana gəlmiş Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar dilini tədris edən müəllimin çalışdığı, bolqar dilində yaxşı danışan nəvəsi Əmir Əlizadənin hazırda Bolqarıstanın Sofiya Universitetində təhsil aldığı vurğulanıb.

Qeyd edək ki, Bolqarıstanın Milli Radiosunun da qonağı olan birlik sədri və baş redaktor paytaxt Sofiyadakı rəsmi və ictimai qurumlarda bir sıra görüşlər keçirib. “Heydər Əliyev İli” çərçivəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Akkord” jurnalının son buraxılışını bolqar ictimaiyyətinə təqdim edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Birliyin “Akkord” jurnalının fəaliyyət göstərməsinə dəstək göstərənlər arasında Komitə də olub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//www.bta.bg/bg/bg-world/502640-glavniyat-redaktor-na-spisanie-akord- mariya-guseynova-atanasova-pred-bta-im

Cebhe.info