Liberal iqtisadiyyata keçid: Yeni qanun məmurların təsirini azaldacaq

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanda süni qiymət artımı, sahibkarların incidilməsi, monopoliya və bu kimi digər neqativ halların əsas səbəbi kimi Rəqabət Məcəlləsinin olmaması göstərilirdi.
Uzun illər bu məsələ gündəmdə olsa da, 13 il müddətində Rəqabət Məcəlləsi qəbul edilmədi. Nəhayət cari ilin sentyabr ayında Rəqabət Məcəlləsi Milli Məclisin gündəliyinə salındı. Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib.
Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Hazırda da iki oxunuşda müzakirəyə çıxarılan Rəqabət Məcəlləsi qəbul edilib. “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi isə hələlik keçirilməyib.
Hazırda Milli Məclisdə 2024-cü il üzrə dövlət büdcəsinin müzakirələri aparılır. Dövlət büdcəsi təsdiq olunduqdan sonra Rəqabət Məcəlləsinin üçüncü oxunuşa çıxarılması gözlənilir.
Qeyd edək ki, “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsində bu günə qədər ciddi problemlərə səbəb olan məqamların bir çoxu nəzərə alınıb. Ümumi olaraq qeyd edək ki, qanun layihəsində “Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları”, “Rəqabət orqanı”, “Rəqabəti məhdudlaşdıran sazişlər”, “Bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü”, “Haqsız rəqabət”, “İqtisadi təmərküzləşmələr”, “Dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi”, “Təbii inhisar sahəsində dövlət tənzimlənməsi”, “Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri”, “Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması”, “Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət” kimi məsələlər yer alıb.
Mütəxəssislər hesab edirlər ki, Rəqabət Məcəlləsinin qəbulu ilə iqtisadiyyatda olan bir çox problemlərin həlli mümkün olacaq. Bu isə ölkədə uzun zamandır keçidi mümkün olmayan azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyata keçid üçün mühim zəmin yaradacaq.
Nəzərə alsaq ki, bazarlarda ucuzlaşma, inflyasiyasının artım sürətinin, iqtisadiyyatın neft asılılığının azalması, o cümlədən yerli istehsalın, ticarət dövriyyəsinin artması və digər amillər birbaşa azad sahibkarlığa, liberal iqtisadiyyata keçiddən asılıdır. Bu istiqamətdə aparılan işlərin sürətləndirilməsinə ciddi ehtiyac var.
Bazarlarda məmur monopoliyasının olduğu heç kimə sirr deyil. Bu məsələ dəfələrlə ən müxtəlif səviyyələrdə gündəmə gəlib və ciddi narazılıqlara səbəb olur. Prezident İlham Əliyev də dəfələrlə sahibkarları incidən məmurlara sərt xəbərdarlıq edib.
"Haqsız rəqabətə biznes maraqları olan dövlət məmurları təkan verir. Bu isə yolverilməzdir. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz",-deyə İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən çıxışı zamanı vurğulayıb.
Göründüyü kimi, dövlət də liberal iqtisadiyyata keçiddə, azad sahibkarlığın inkişafında maraqlıdır. Amma dövlətin atdığı addımlara, görülən işlərə mane olan bəzi məmurlar bu istiqamətdə müsbət nəticələrin əldə olunmasını mümkünsüz edir. Zaman-zaman məmur həbslərinin şahidi oluruq. İcra başçısı, nazirlərin korrupsiya və rüşvətə görə həbsinin də motivlərindən biri məhz yerlərdə sahibkarları incitmək, haqsız rəqabətə rəvac vermək dayanır.
Bu məsələdə inkişaf etmiş ölkələrin təcrübəsinə baxanda, liberal iqtisadiyyata keçidin məhz məhkəmələrdən başladığını görmək mümkündür. Yəni sahibkar məhkəmələrə etibar etməli, hüquqlarının ən yüksək səviyyədə qorunacağına əmin olmalıdır. Mütəxəssislər hesab edirlər ki, bu məsələ həllini tapmasa, liberal iqtisadiyyata da keçid mümkün olmayacaq.
Sadalanan problemlərin həlli üçün ilk olaraq Rəqabət Məcəlləsinin qəbul edilməsi göstərilir. Görünən odur ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsi qəbul ediləcək və növbəti ilin əvvəllərindən artıq işlək mexanizmə çevriləcək.
Bununla da bəzi məmurların iqtisadiyyatdakı rolu minimuma enəcək, biznesə təsir imkanları aşağı düşəcək. Hər halda gözləntilər bundan ibarətdir. Bütün hallarda isə növbəti ilin ilk aylarında hadisələrin inkişaf tempi bu məsələnin hansı dərəcədə həll olacağının göstəricisi olacaq.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info