Azərbaycan Ordusunun dilindən düşməyən “Əsgər marşı” belə yarandı - VİDEO

Dövlətin müstəqilliyini, ölkənin sərhədlərini düşmənlərdən qoruyan ordunun əsgərlərinin özünə inamı və yüksək ruhu olmalıdır.
Müasir silahlarla təchiz olunmuş ordunun əsgərlərinin hər zaman ruh yüksəkliyinə ehtiyacı var. Azərbaycanda da hər iki Qarabağ müharibəsində əsgərlərimizi döyüşə səsləyən, onları qələbəyə aparan hərbi marşlar, vətən sevgisini özündə əks etdirən mahnılar olub.
Cebhe.info Azərbaycan hərb tarixində ən məşhur musiqi "Əsgər marşı"nın yaranması haqqında məlumatları təqdim edir.
Cümhuriyyət tarixinə aid arxiv sənədlərində göstərilir ki, 1918-ci ildə Azərbaycan Ordusunun yaranması ilə bərabər hərbi marşlar yazılmağa başladı. 1919-cu ildə Bakıda Mürşüd Səttaroğlunun tərtibatı ilə "Ordu marşları" adlı broşür "Azərbaycan" qəzetinin nəşriyyatında çapdan çıxdı. Marşların yer aldığı kitabçada müəllifi Əli Kami deyə qeyd edilən və sonradan Azərbaycan əsgərinin dilindən düşməyən "Azərbaycan əsgəri " marşının sözləri də yer alıb.
1990-cı illərdə I Qarabağ savaşında bu misralar yenidən üzə çıxıb. Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa "Türk əsgərinin not kitabçası" adlı bir broşürdan bu şeiri taparaq, redaktə edib.
Mətni Laçın musiqi məktəbinin müəllimi Vəli Hüseynova verərək, ondan alayın əsgərləri üçün marş yazmağı xahiş edib. Vəli Hüseynov marşı yazıb və alayın əsgərlərinə təqdim edib. Bu marş 1991-ci ildə yazılır. 1992-ci ilin martında bir qrup mədəniyyət və incəsənət nümayəndələri, həmçinin, jurnalistlər döyüş bölgəsinə gedirlər. Onların içərisində bəstəkar Cavanşir Quliyev də yer alıb.
Bəstəkar yerli mətbuata müsahibəsində mahnının yaranma tarixindən danışaraq, bəstənin ilk adının "Laçın batalyonunun marşı" olduğunu bildirib. Cavanşir Quliyev döyüş bölgəsində Əhliyət Süleymanov adında zabitin ona yaxınlaşaraq şeiri təqdim etdiyini və ondan marş yazmağı xahiş etdiyini deyib. Cavanşir Quliyev mahnının sözlərinin müəllifinin kim olduğunu bilməsə də, hazırda uşaqdan - böyüyə hamının əzbər bildiyi məşhur marşı bəstələyib.
Marş ilk dəfə 1992-ci il mart ayında Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" proqramında səslənir. Radio vasitəsilə döyüş bölgəsində eşidilən marş çox keçmir ki, Azərbaycan Ordusunun marşına çevrilir.
Qeyd edək ki, İctimai Televiziyada yayımlanan “Bir mahnının tarixçəsi” verilişinin bir buraxıışı da “Əsgər marşı”na həsr olunub.
Günay Şahmar
Cebhe.info