Məmməd İsmayıl: Azərbaycan poeziyasının böyük ustadlarından biri - DOSYE

Məmməd İsmayıl: Azərbaycan poeziyasının böyük ustadlarından biri - DOSYE

Bu gün Azərbaycan poeziyasının böyük ustadlarından biri Məmməd İsmayıl vəfat edib.

"Cebheinfo.az" xatırladır ki, Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir.

1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir.

1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır.

1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir.

1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır.

1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir.

1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul idi.

Şairin müxtəlif illərdə onlarla şeir kitabı çap olunub. "Ana əlləri", "Dünyaya baxıram", "Hələ yaşamağa dəyər", "Aman təklik əlindən", "Ümiddən asılan qılınclar" və s. kitabları müxtəlif illərdə nəşr olunub.

“Cebheinfo.az”