“Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur” – ETİRAZ

“Azərbaycanda imtahanlar artıq təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin hər gününü, gündəmini zəbt edib.
Şagird üçün də, tələbə üçün də, magistr üçün də, işə qəbul olmaq istəyən üçün də, müəllim üçün də ən vacib mövzu imtahandır. Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur. Hər qurum öz imtahanını “tək həqiqət” kimi təqdim edir, Dövlət İmtahan Mərkəzi isə imtahanı təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, şagirdlər, müəllimlər, gənclər, hətta valideynlər ilboyu stres, təşviş və psixoloji gərginlik içində yaşayır:
“Hər imtahan öncəsi ölkədə kütləvi psixoz yaranır, uşaqların, gənclərin ruh sağlamlığı, həyat keyfiyyəti ciddi təhlükə altına düşür. İmtahanların sayının bu qədər çox olması, onların həyatın hər pilləsinə müdaxilə etməsi heç bir inkişaf göstəricisi deyil.
Əksinə, bu, təhsilin mahiyyətinin, yaradıcı düşüncənin, insani və sosial dəyərlərin getdikcə sıradan çıxmasına, yalnız bal və nəticə “ovuna” çevrilməsinə səbəb olur. Bundan da faciəlisi, bu qədər səs-küylü imtahanların nəticəsində təyinatlarda, işə qəbulda, təqaüd ayrılmasında şəxsiyyətlərə, şəxsi münasibətlərə, tanışlığa hələ də geniş yer verilir.
Yəni, illərlə imtahan stressi, test ab-havası, psixoloji əzab nəticədə yenə də insan faktoru ilə “süzülür”. Dövlət İmtahan Mərkəzinin və digər qurumların imtahan keçirmək həvəsi Azərbaycan təhsilini, insan kapitalını yaradıcılıqdan, təşəbbüskarlıqdan, innovativlikdən uzaqlaşdırır”.
Ekspertin fikrincə, DİM və digər imtahan mərkəzləri illərdir israr edir ki, məhz testlər obyektivliyi, şəffaflığı təmin edir:
“Ancaq reallıq budur: testlərlə ölçülən bilik həyatda tələb olunan bacarıqların, səriştələrin çox az hissəsini əhatə edir. Şagird yalnız test həll etməyi öyrənir, amma düşünməyi, araşdırmağı, müzakirə etməyi, yaradıcı yanaşmanı unudur. Hər gün imtahan, hər gün stress – nəticədə isə nə elmi kadr formalaşır, nə də motivasiyalı gənc cəmiyyətə qazandırılır.
Əgər nəticə yenə də şəxsi münasibətlər və insan faktoruna dayanacaqsa, bu qədər imtahanın, stressin, əsəbin, ailələrin sosial rifahına, uşaqların psixikasına vurulan zərərin nə mənası var? Əsl təhsil sistemi uşağı, gənci, insanı imtahandan imtahana qaçan deyil, azad, yaradıcı, düşünən, analitik və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdirməlidir. Bu qədər imtahan asılılığını, test diktaturasını, DİM-in və digər qurumların “imtahan sevdasını” ciddi şəkildə tənqid edirəm. Təhsil sistemi insan yetişdirməlidir, robot yox!”
Nigar Abdullayeva
“Cebheinfo.az”