İlham Əliyev: "Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi"

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir.
Cebhe.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib:
“Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.
Prezident bildirib ki, Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.
Ölkə başçısı qeyd edib ki, Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır.
O vaxt maliyyə imkanlarımızın məhdud olduğunu, orduya lazımi qədər vəsaitin ayrılması mümkün olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.
Cebhe.info