Avropa Parlamenti Gürcüstana sanksiya tətbiq etməyə hazırlaşır

Avropa Parlamenti Gürcüstana sanksiya tətbiq etməyə hazırlaşır

Avropa Parlamenti “Gürcüstanda xarici agentlər haqqında qanunun bərpası cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında” qətnamə layihəsini müzakirəyə çıxaracaq.

"Cebhe.info" Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, qətnamə ilə bağlı səsvermə aprelin 25-də baş tutacaq.

Qətnamə müəllifləri hesab edirlər ki, Avropa İttifaqı “Xarici agentlər haqqında” qanunu dəstəkləyən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Avropa Parlamenti həmçinin Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul ediləcəyi təqdirdə "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişviliyə və hakim partiyanın üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Qətnamənin əsas mətninin xülasə layihəsinin müəllifi Avropa Parlamentinin 5 müxtəlif partiyasından olan 40 deputatdır.

Bundan əlavə, qətnamədə humanitar əsaslarla Mixeil Saakaşvilinin sərbəst buraxılması yer alıb.

Qətnamə layihəsinin mətninə əsasən, “xarici agentlər haqqında” qanun layihəsi Avropa İttifaqının dəyərlərinə və demokratik prinsiplərinə, Gürcüstanın Aİ-yə üzvlük ambisiyalarına ziddir, Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik istəklərini təhlükə altına qoyur.

Həmçinin qeyd olunur ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar sözügedən qanun layihəsi ölkənin hüquqi nizamnaməsinə daxil olana qədər açılmamalıdır.

"Cebhe.info"