Baydenin qocaldığını gizlətmək üçün: Ona xüsusi makiyaj edilib

ABŞ-nin Demokrat Partiyasının rəhbərliyi Co Bayden prezident olduğu dönəmdə onun yaşlanma əlamətlərini gizlətmək üçün xüsusi tədbirlər görüb və 2024-cü il seçki kampaniyası zamanı onun qəfil ölümünə qarşı plan hazırlayıb.
"Cebheinfo.az" xəbər verir ki, "The Hill" qəzetinin baş siyasi şərhçisi Eimi Parnes və "NBC News" kanalının baş siyasi şərhçisi Conatan Allen bu barədə müəllifi olduqları "Mübarizə:
Ağ Ev üçün ən çətin mübarizənin içində" adlı yeni kitabda məlumat veriblər. Kitabın müəlliflərinin yazdığına görə, Demokratlar Baydenin ikinci prezidentlik müddətinə namizədliyini açıqladığı aprel 2023-dən sonra onun vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə başlayıblar. Bu müddət ərzində respublikaçıların namizədi Donald Trampla olan debatlardakı uğursuzluqlardan və Baydenin yerinə ABŞ-nin vitse-prezidenti Kamala Harrisi namizəd olaraq irəli sürmək qərarından əvvəl Demokrat Partiyasının rəhbərliyi Baydenin yaşlanma əlamətlərini gizlətmək üçün əlindən gələni edib, onun fiziki və zehni vəziyyətinə dair şübhələrini gizli görüşlərdə müzakirə ediblər.
Hətta hər gün Baydenin görüşləri və videokonfransları öncəsi vizajistlər onun üzünü xüsusi olaraq makiyaj ediblər. Kiçik auditoriyalar qarşısında belə çıxışlar üçün ona gizli teleprompterlər qurulub. 2023-cü ildə demokratlar Baydenin ölümünə və ya onun yerinə başqa namizədin irəli sürülməsinə hazırlıq planı hazırlayıblar. Kamala Harrisin köməkçisi hətta ABŞ Ali Məhkəməsinin respublikaçı məhkəmə üzvlərinin əlaqə siyahısını daim yanında saxlayırmış ki, hər hansı bir fövqəladə vəziyyətdə onun prezident andını qəbul etmək mümkün olsun.
Buna baxmayaraq, Baydenin vəziyyəti ilə bağlı şübhələr olsa da, onun ən yaxın köməkçiləri və həyat yoldaşı seçkilərdə iştiraka israr ediblər və digər demokratları onun ikinci prezidentlik müddətində vəzifələrini yerinə yetirməyə qadir olduğuna inandırıblar. ABŞ-nin 44-cü prezidenti Barak Obamanın fikrincə, ikinci dəfə namizəd olmaq qərarı demokratların seçki kampaniyasının "ilk böyük səhvi" olub, çünki onlar prezidentə əvvəlcədən seçkilərə qatılmaması üçün xəbərdarlıq etməyiblər və bu da nəticədə Demokrat Partiyasının məğlubiyyətinə səbəb olub.
Səbinə Uğur
"Cebheinfo.az"