Xalq artisti: “Azərbaycan teatrı şərəfli tarixi yol keçib”

“Azərbaycan teatrı və xadimləri tarixən çətin, amma çox şərəfli yol keçib”.
Bunu martın 27-si Beynəlxalq Teatr Günü münasibətilə “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov deyib.
Xalq artisti bu gün münasibətilə bütün teatr kollektivlərini təbrik edib:
“Mən Azərbaycan Teatr Xadimləri İttifaqı adından bütün teatr kollektivlərini səmimi qəlbdən təbrik edirəm, onlara uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan teatrı yaxın zamanda dünya teatr səviyyəsinə yüksələcək.
Hazırda teatrımız 152-ci mövsümünü yaşayır. 1873-cü ildə görkəmli Azərbaycan drammaturqu, maarifçisi, filosofu və ədəbi tənqidçisi olan Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası ilə teatrımızın əsası qoyulub. İlk tamaşada Bakı real məktəbinin şagirdləri iştirak edib. O vaxtdan etibarən Azərbaycan teatrı uzun və şərəfli bir yol keçib”.
O bildirib ki, son dövrdə həyata keçirilən layihələr teatrımızın inkişafına böyük töhfə verib:
“Son dövrlərdə teatr sahəsində mühüm layihələr həyata keçirilib. Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Qonaq teatr" layihəsi təşkil edilib. Bu çərçivədə 11 teatr kollektivi iştirak edib və 19 tamaşa nümayiş olunub.
Hətta biz Antalyanın Böyük Şəhər Bələdiyyə Teatrı və Trabzon Sənət Teatrını da dəvət etdik. "Qonaq teatr" layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunub.
Sonra isə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bir layihə hazırladı. "Paytaxt teatrlarının bölgələrə səfəri" layihəsini həyata keçirdi. Bu layihə uğurlu oldu. İndi də davam edir və teatr sənətinin bölgələrdə də inkişafına töhfə verir.
Digər mühüm bir təşəbbüs "Bölgə teatrlarının Bakı premyerası" oldu. Bu layihə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Teatr Xadimləri İttifaqı, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası ilə birgə reallaşdırıldı.
Qeyd etdiyim ki, 2023-cü ilin mayın 15-dən başlayaraq Azərbaycan teatrında bir canlanma yaranıb. Çünki əvvəl bu teatrlar ayrı-ayrılıqda fəaliyyət göstərirdilər. Heç kimin xəbəri yox idi ki, onlar nə hazırlayırlar və hansı səviyyədədir. Bu layihələr teatr kollektivləri arasındakı əlaqələri gücləndirdi.
Azərbaycan teatrının son illərdə qazandığı uğurlar sevindiricidir. 10 martda, Milli Teatr Günü münasibətilə bir çox sənətçilər Azərbaycan teatrının inkişafındakı xidmətlərinə və yubileyləri münasibətilə müxtəlif mükafatlarla təltif edildilər. "Qızıl gül" mükafatı, "Teatr fədaisi" medalı və "Sənətkar" medalları təqdim olundu. Sevindirici haldır ki, artıq teatrlar bir-biri ilə rəqabət aparır və daha keyfiyyətli tamaşalar hazırlayırlar”.
Hacı İsmayılov yeni tamaşaçı nəslinin formalaşdığını da vurğulayıb:
“Müasir tamaşaçılarımızın teatra marağı çox böyükdür. Son illərdə müşahidə etmişəm, yeni tamaşaçı nəsli formalaşıb. Bu tamam yeni bir nəsildir. Sevindirici məqam odur ki, tamaşa zamanı salon dolu olur və tamaşa bitdikdən sonra da heç kim zalı tərk etmək istəmir.
Tamaşaçılar ayağa durur, uzun müddət əl çalır, pərdə bağlanana qədər sənətçiləri alqışlayırlar. Bu, çox yaxşı cəhətdir. Bu tamaşaçılar teatr sənətinə olan sevgini və teatr mədəniyyətinin yüksəldiyini göstərir. İnanıram ki, onların sayı gündən-günə çoxalacaq”.
Xalq artisti gənc aktyorlara və teatr sənətini seçmək istəyənlərə öz tövsiyəsini də verib:
“Gənc aktyorlara tövsiyəm odur ki, uğur qazanmaq üçün üç əsas amili unutmamalıdırlar. Bu üç şərtə əməl edən gənclər mütləq inkişaf edəcək və gələcəyin teatrını formalaşdıracaqlar.
Birincisi, bu sənəti sevəsən. Sevgi varsa, onun üstünə zəhmət də tələb olunur. Əgər sevgi yoxdursa, zəhmət çəkməyə dəyməz. İkincisi, zəhmət çəkəndən sonra sənin bacarığın və fitri qabiliyyətin üzə çıxır. Yəni mütləq zəhmət çəkməlisən. Üçüncüsü isə, fitri qabiliyyət və bacarıqdır.
Bu 3 şərt yerinə yetirilsə, gənclər inkişaf edər. Son illərdə mən bütün teatrlara baxıram gənclər demək olar ki, üstünlük təşkil edirlər. Onlar da bizim, Azərbaycan teatrının gələcəyidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”