Kosmosda qapalı qalan kapitan: “Günahkar mənəm”

Beynəlxalq Kosmik Stansiyada doqquz ay qapalı qalan astronavtlar Butç Uilmor və Sunita Uilyams 19 martda Yerə qayıtdıqdan sonra ilk dəfə açıqlama veriblər.
“Cebheinfo.az” xəbər verir ki, Uilmor, günahkar olduğunu bildirib.
Uilmor açıqlamasında, “Ekipaj Uçuş Testinin kapitanı kimi vermədiyim bir çox sual var. Buna görə də məsuliyyət mənim üzərimdədir. “Boeing”in günahı var? NASA günahkardır? Əlbəttə. Hamının bu işdə payı var, çünki bu proses düzgün getmədi. Testlərdə və hazırlıq mərhələsində öncədən görə bilmədiyimiz müəyyən çatışmazlıqlar vardı” deyib.
Özlərini tərk edilmiş hiss edib-etmədiklərinə dair suala isə belə cavab veriblər:
“Bəli, bəzi məqamlarda sıxışıb qalmışdıq. Bəzi məqamlarda bəlkə də həqiqətən tərk edilmişdik. Amma elə hiss etmirdik. Çünki planlı və hazırlıqlı idik”.
Xatırladaq ki, ötən ilin iyun ayında “Boeing”ə məxsus kosmik gəmi ilə 8 günlük missiyaya çıxan astronavtlar texniki nasazlıqlar səbəbindən Yerə qayıda bilmirdilər. Onlar İlon Maskın “SpaceX” şirkətinin yardımı ilə geri dönüb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”