İrəvan KTMT ilə bağlı son nöqtəni qoydu: Moskva hansı addımları atacaq?

Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - qurumdan bildirilib.
Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqının ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenarilər nəzərdən keçirə biləcəyini bəyan etmişdi.
Qeyd edək ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.
Bəs qurum indiki halda Ermənistana qarşı hansı addımları atacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, bu, Ermənistanın təşkilat daxilində fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi İrəvanın mövqeyi kimi qəbul edilə bilər.
Onun sözlərinə görə, Ermənistan eyni zamanda təşkilat daxilində fəaliyyətinin dayandırılması ilə bağlı konkret addım da atmır:
“Əslində, Ermənistan indiyə qədər adıçəkilən təşkilata münasibətdə eyni mövqeyi bir neçə dəfə sərgiləyib. O, bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələləri arzu etdiyi səviyyədə təmin etmədiyindən bu qurumun tərkibində fəaliyyətini davam etdirməyə lüzum görmür.
Bu, praktik olaraq Ermənistanın adıçəkilən təşkilat daxilində fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi İrəvanın mövqeyi kimi qəbul edilə bilər. Bununla belə, rəsmi İrəvan Rusiya ilə münasibətlərdə problemlərin yaranmaması naminə təşkilatın xeyrinə öz büdcəsindən maliyyə ayırmasını dayandırmaq barədə mövqe sərgiləyir.
Lakin təşkilatın tərkibindən çıxmaq məsələsində rəsmi İrəvanın mövqeyi ortalıqda yoxdur. Bu isə o deməkdir ki, Ermənistan belə bir qərarın qəbul edilməsini KTMT-nin üzərinə qoymaq istəyir. Güman edirəm ki, indiki mürəkkəb geosiyasi şəraitdə KTMT bölgə ilə bağlı mövcud reallıqlardan çıxış edərək Ermənistanla münasibətləri daha da korlamaq istiqamətində bəlli addımı atmayacaq”.
Politoloq qeyd edib ki, Ermənistan istəsə belə, yaxın zamanda Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək:
“Sadəcə olaraq, Ermənistan parlamenti artıq Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarı dördüncü oxunuşda təsdiqləyib. Bu isə Ermənistanın Avropa İttifaqına inteqrasiyası məsələlərinin bir daha gündəmdə olduğunu göstərir.
Lakin Ermənistan yaxın zamanda bu istiqamətdə konkret addımlar atmayacaq. Üstəlik, Avropa İttifaqı da Ermənistanı yaxın perspektivdə öz tərkibində görmək istəmir. Çünki Avropa İttifaqının müəyyən etdiyi standartlar var və hazırda nə Ermənistanın qanunvericiliyi, nə də xalqın həyat səviyyəsi bu standartlara tam uyğun gəlir.
Bundan əlavə, Ermənistan Rusiyadan enerji təhlükəsizliyi, ərazi bütövlüyü və nəqliyyat infrastrukturu məsələlərində kifayət qədər asılı vəziyyətdədir.
Məsələn, "Qazprom"un Ermənistana nəql etdiyi qazın tarifini artırması kifayətdir ki, ölkədə sosial gərginlik yaşansın. Rusiya bunu yaxşı anlayır və Ermənistanın bu addımlarının deklarativ xarakter daşıdığını başa düşür. Buna görə də Ermənistan istəsə də, yaxın zamanda Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək”.
O bildirib ki, Rusiya bu kəskin addımı atmasa, təbii ki, KTMT də onunla ilə eyni konteksdən çıxış edəcək:
“Rusiya indiki şəraitdə çalışacaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində fəaliyyətini davam etdirsin. Bu isə Rusiyadan daha çox əslində birliyin və Rusiyanın geosiyasi maraqlarına cavab verir.
Çünki Ermənistan bu birlikdən daha çox mənfəət əldə edir, nəinki Avrasiya İqtisadi Birliyi Ermənistandan. Güman edirəm ki, hazırkı geosiyasi reallıqları nəzərə alaraq, Rusiya Ermənistanı sadəcə olaraq, məsləhətləşmələr üçün Moskvaya dəvət edə bilər.
Lakin Rusiyanın bu məsələdə hər hansı kəskin addım atacağı ehtimalı indiki şəraitdə zəif görünür. Təbii ki, Rusiya bu addımı atmasa, KTMT də onunla eyni mövqedən çıxış edəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”