Səudiyyə Ərəbistanı 75 min zəvvarı geri qaytardı – SƏBƏB

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz Həcc”ə qarşı aparılan nəzarət tədbirləri çərçivəsində 75 mindən çox şəxsin Həcc qaydalarını pozduğu üçün geri qaytarıldığını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-leytenant Məhəmməd əl-Bassami Məkkədə mətbuat konfransı keçirib.
General Bassami qeyd edib ki, yaşayış icazəsi olsa da Həcc üçün rəsmi sənədi olmayan təxminən 270 min nəfərin Məkkəyə daxil olmasına icazə verilməyib.
Həmçinin Həcc qaydalarını pozduqları üçün 75 min 943 nəfər geri göndərilib.
O əlavə edib ki, bu müddət ərzində 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni sərnişin daşıyıcısı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkarlanıb.
Rəsmilər bu il Həcc mövsümündə təhlükəsizliyin təmin edilməsi məqsədilə pilotsuz uçuş aparatları (PUA), süni intellektlə dəstəklənən analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edildiyini bildiriblər.
Dövlət Təhlükəsizlik İdarəsinin nəzdindəki Xüsusi Qüvvələrin Komandanı, general-leytenant Məhəmməd əl-Umri bu il müqəddəs ərazilərə icazəsiz girişlərin qarşısını almaq və izdihamın təhlükəsiz şəkildə idarə olunması üçün ətraflı sahə planlarının tətbiq edildiyini vurğulayıb.
Mülki Müdafiə İdarəsinin rəhbəri, general-mayor Həmud əl-Ferc isə bu il ilk dəfə olaraq yanğınsöndürmə və xilasetmə əməliyyatlarında “Saqr (Şahin)” adlı xüsusi dronların istifadə ediləcəyini qeyd edib.
Pasport İdarəsinin rəhbəri, general-mayor Salih əl-Murabba isə 2025-ci il Həcc mövsümünə qədər xaricdən gələn zəvvarların sayının artıq 1 milyon 475 min nəfəri keçdiyini bildirib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində Fələstinli şəhid ailələri, əsirlər və yaralıların da daxil olduğu 500 nəfərlik ilk zəvvar qrupunu İordan çayının qərb sahilindən qəbul edib.
Ümumilikdə isə 1000 fələstinli zəvvar bu proqram çərçivəsində qonaq ediləcək.
Əfsanə Rəcəb
“Cebheinfo.az”