Tanınmış iş adamını aslan parçaladı

Namibiyanın vəhşi təbiətində faciə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, safari düşərgəsində qalan tanınmış alman iş adamı Bernd Kebbel gecə saatlarında aslan hücumuna məruz qalaraq dəhşətli şəkildə həyatını itirib.
59 yaşlı Kebbel safari maşınının üzərindəki çadırdan tualet ehtiyacını ödəmək üçün çıxıb və həmin an dişi aslanın hədəfinə çevrilib.
Hadisənin şahidlərinin sözlərinə görə, aslan onu boynundan dişləyərək ağır yaralayıb. Hadisə yerinə yaxın şəxslər müdaxilə etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.
Kebbel aldığı ağır xəsarətlər səbəbindən elə hadisə yerindəcə dünyasını dəyişib.
Namibiya Polis İdarəsinin sözçüsü İmmanuel Lidua baş verən faciə ilə bağlı “insan və vəhşi təbiət toqquşması” kontekstində rəsmi istintaq başladıldığını açıqlayıb. Lakin istintaqla bağlı əlavə detallarla ictimaiyyət hələ məlumatlandırılmayıb.
Namibiya Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyinin sözçüsü mətbuata açıqlamasında Bernd Kebbelin həyatını itirdiyini təsdiqləyib.
Hadisə bölgədəki turistik düşərgələrin təhlükəsizlik tədbirlərinin yetərsizliyini bir daha gündəmə gətirib.
Qeyd edək ki, Bernd Kebbel yalnız uğurlu bir iş adamı kimi deyil, həm də Namibiya çöl aslanlarının qorunması və təbiətə yönəlik layihələrə verdiyi dəstək ilə də tanınırdı.
Əfsanə Rəcəb
"Cebheinfo.az"