ABŞ İrana daha sərt şərtlər irəli sürdü

ABŞ İrana daha sərt şərtlər irəli sürdü

ABŞ və İran arasındakı son gərginlik təhlükəsizliklə bağlı narahatlıqları yenidən artırıb və anonimlik şərti ilə danışan yüksək vəzifəli ABŞ rəsmiləri Vaşinqtonun tələbləri ilə bağlı şərh veriblər. 

"Cebheinfo.az" "Reuters"-ə istinadən xəbər verir ki, rəsmilər iki ölkə arasında son təmasların olduqca məhsuldar olduğunu bildiriblər.

Məsələ ilə bağlı şərh verən bir mənbə xəbərdarlıq edib:

"Tələb etdiyimiz odur ki, iranlılar Hörmüz boğazının tam açıq olduğunu və artıq gəmilərə atəş açmayacaqlarını açıq şəkildə bəyan etsinlər. Onlar ya bu açıqlamanı verəcəklər, ya da özləri üçün yaxşı nəticə ilə qarşılaşmayacaqlar".

Həmin rəsmi iddia edib ki, Tehran Vaşinqtona Hörmüz boğazında gəmilərə edilən son hücumların "İranın öz sistemindəki nəzarətdən çıxmış bir elementdən" qaynaqlandığını çatdırıb.

Xəbərə görə, ABŞ mənbələri hazırda İran daxilində "sərt xətt mühafizəkarları" və "praqmatistlər" arasında hakimiyyət mübarizəsinin olduğunu qiymətləndiriblər.

Prosesin gedişatı ilə bağlı gözləntiləri bölüşən bir rəsmi isə bildirib ki, "Ümid edirik ki, onlar gəmilərə atəş açmağı dayandıracaqlarını açıq şəkildə elan edəcək, səhv etdiklərini açıq və ya heç olmasa dolayı yolla etiraf edəcəklər. Hazırda bunun üzərində işləyirik". 

ABŞ Prezidenti Donald Trampın onlara danışıqlar aparmaq tapşırığını xatırladan rəsmi əlavə edib: 

"Lakin, Prezidentin əvvəllər də nümayiş etdirdiyi kimi, əgər onlar gəmilərə atəş açmağa davam etsələr və ya hər hansı digər düşmənçilik hərəkətlərində iştirak etsələr, biz cavab verəcəyik".

Digər tərəfdən, ABŞ tərəfinin digər fundamental tələbinin İranın zənginləşdirilmiş nüvə materialını təhvil verməsi olduğu vurğulanıb.

ABŞ-ın məsələ ilə bağlı qəti mövqeyini vurğulayan bir ABŞ rəsmisi bildirib ki, "Bunu aydınlaşdırmaq istəyirəm; əgər həmin nüvə materialını əldə etməsək, İranla heç bir razılaşmamız olmayacaq".

Eyni rəsmi əlavə edib ki, İran bu tələbləri rədd edərsə, masada hərbi və iqtisadi sanksiyalar da daxil olmaqla "bir çox seçim" var. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hücumlara cavab olaraq İrandakı hədəflərə ABŞ-ın zərbələr endirdiyini elan edərək, iyun ayında iki ölkə arasında imzalanmış atəşkəsin başa çatdığını elan etdi.

Hörmüz boğazı qlobal enerji ticarəti üçün vacib dəniz keçidi kimi tanınır. Dünyanın neft və mayeləşdirilmiş təbii qaz nəqlinin əhəmiyyətli bir hissəsi bu marşrut vasitəsilə həyata keçirilir.

Nigar
"Cebheinfo.az"