Bu ölkədə süni intellektlə bağlı qanun qəbul edildi

Bu ölkədə süni intellektlə bağlı qanun qəbul edildi

Yaponiya Parlamenti ölkədə süni intellekt sahəsində yerli inkişafı sürətləndirmək məqsədilə şəxsi məlumatların qorunması haqqında qanun qəbul edib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, yeni qanun şirkətlərə və digər qurumlara yalnız statistik təhlil və süni intellekt texnologiyalarının hazırlanması məqsədilə vətəndaşların şəxsi məlumatlarını onların razılığı olmadan toplamaq və istifadə etmək imkanı verir.

Qanunda nəzərdə tutulan bu istisna Yaponiyanın qlobal süni intellekt yarışında rəqabət qabiliyyətini artırmağa xidmət edir. Bununla yanaşı, qanun şəxsi məlumatlardan sui-istifadəyə görə cəzaları da sərtləşdirir.

Belə ki, 1000-dən çox şəxsin məlumatından qanunsuz istifadə edən şirkətlər həmin məlumatlardan əldə etdikləri gəlirin məbləği qədər maliyyə cəriməsi ödəməli olacaqlar.

Parlament eyni zamanda hökumətin süni intellekt, avtonom idarəetmə sistemləri və digər qabaqcıl texnologiyaların inkişafında istifadə olunmaq üçün məlumatları özəl sektor şirkətlərinə və elmi-tədqiqat institutlarına təqdim etməsinə imkan verən ayrıca qanun layihələrini də təsdiqləyib.

Gülər 
"Cebheinfo.az"