85 yaşını qeyd edən Anar: "Çətindir..."

85 yaşını qeyd edən Anar: "Çətindir..."

Martın 14-ü Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin doğum günüdür.

Yazıçının 85 yaşı tamam olur.

Ötən ömrü haqqında Cebhe.info-ya danışan yazıçı hansısa xatirəni yada salmağın onun üçün çətin olduğunu deyib:

"Çətindir nəsə demək, 85 ilin gərək hamısını yada salım, mən bu həyatı yaşamışam".

Gələcək planlarından danışan 85 yaşlı yazıçı hazırda yeni əsərlər üzərində işlədiyini bildirib:

"Gələcək üçün də işləmək, çalışmaq və yazmaq planım var".

Yazıçı 85-ci doğum gününü ailəsi ilə qeyd edəcəyini vurğulayıb.

Xatırladaq ki, Xalq yazıçısı Anar Rzayev 1938-ci ildə anadan olub. Atası Xalq şairi Rəsul Rza, anası Xalq şairi Nigar Rəfibəylidir. O, 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və həmin məktəbi 1955-ci ildə gümüş medalla bitirib.

Yazıçı 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1987-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin sədridir. Bu il keçirilən növbəti qurultayda da yazıçı yenidən AYB-nin sədri seçilib. 1998-ci il martın 14-də 60 yaşı münasibətilə “İstiqlal” ordeni ilə təltif edilib. 1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

O, roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin ("Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Təhminə", "Otel otağı" və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi" və s. filmlərə isə quruluş verib.

Günay Şahmar
Cebhe.info