Şərurlu İsfəndiyardan evi geri alınan ekspertə cavab: "Versin məhkəməyə, bəlkə həll edə bildi"

Xəbər verdiyimiz kimi, narkomaniya üzrə ekspert Emil Maqalov şəxsi "Facebook" hesabında paylaşım edərək "Şərur" MTK-nın rəhbəri Şərurlu İsfəndiyarla bağlı şikayətini ictimailəşdirib.
Emil Maqalov Saray qəsəbəsində yerləşən “Jasmin Park” yaşayış kompleksindən kreditlə aldığı evin müqavilə şərtləri ilə bağlı haqsızlığa məruz qaldığını bildirib.
Ekspert qeyd edib ki, kredit ödənişlərində təxminən 3 ay gecikməsi olub. Əvvəllər 2-3 aylıq borcu toplu şəkildə ödədiyi halda heç bir problem yaşamayıb və bu barədə ona xəbərdarlıq edilməyib. İndi isə ondan əlavə 20 min AZN tələb edilir, əks halda evin geri alınacağı deyilir.
"Cebheinfo.az" iddialarla bağlı "Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla ("Şərurlu İsfəndiyar") əlaqə saxlayıb: “Nə deyim, həll etsinlər. Versin məhkəməyə, bəlkə həll edə bildi. Qanunla müqavilə var. Siz də hakim kimi nə edə bilirsinizsə, edin”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”