İşçiləri peşəkardır?- “Bank özü nə gücdədir ki...”

İşçiləri peşəkardır?-  “Bank özü nə gücdədir ki...”

Ötən il iki bankın bağlanması ilə ölkədə bankların sayı bir qədər də azalıb ki, hazırda 23 bank fəaliyyət göstərir.

Həmin bankların arasında isə böyük banklarla yanaşı, kiçik kommersiya bankları da var. Ümumilikdə isə həmin bankların hamısında çalışanların ixtisaslı kadrlar olması mühüm şərtdir. Ancaq bu gün müştərilərin bir qismi banklarda çalışan işçilərin peşəkar olmadığını bildirirlər. Hətta bir sıra banklarda müştərilərlə iş prosesində işçilər uzun müddət vaxt sərf etməsinə baxmayaraq, daha sonra digər işçilərdən yardım almağa çalışırlar. Bütün bunlar isə bank işçilərinin hamısının heç də peşəkar olmadığını göstərir. 

Banklara işə qəbul zamanı işçilərin adətən “CV”-lərinə baxılır və daha sonra özü ilə müsahibədə əsasən başqa hansısa bankda çalışdığı soruşulur. Əgər iş üçün müraciət edən şəxs hansısa bankda çalışıbsa, bu müsbət məqam kimi dəyərləndirilir. Ancaq onun daha əvvəl çalışdığı bankda “yaxşı işçi” olub-olmadığı artıq dəyərləndirilmir. Bu gün bankların bir çoxu kənardan işçi qəbul etsə də, özləri peşəkar kadrar yetişdirməyə maraq göstərmir. Hazırda ölkədə peşəkar kadrlar yetişdirən banklar varmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, bankda işçilərin tez-tez və çox sayda işdən çıxması yaxşı hal deyil:

“Çünki yaxşı işçi tapmaq lazımdır ki, işi bilsin. Ancaq bu, bütün banklarda, hətta ən böyük banklarda belə, baş verə bilər. Azərbaycanda cəmi iki özəl bank var ki, onlar bir növ bank məktəbidirlər.

Ölkədə elə bank yoxdur ki, orada həmin iki bankların işçiləri çalışmasın. Həmin banklar “AccessBank” və “Bank of Baku”dur. Bu banklarda kadr yetişdirmə səviyyəsi çox güclü olub. Hansı bank rəhbərlərinə baxsaq, o banklardan çıxanlardır. Məsələn, “Bank Respublika”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” kimi bankların rəhbər səviyyəli kadrları həmin adıçəkilən banklardan çıxıb. Zaman-zaman “AccessBank” və “Bank of Baku”dan kadr axını olub. Ancaq bu, o demək deyil ki, həmin kadrlar çıxan kimi o bankların vəziyyəti pisləşib. Yox, kadr potensialı güclü olub. Yəni bu banklarda sistem olub. Sistem olanda iş davam edir. “Bank of Baku”nun vəziyyəti indi də yaxşıdır, anvaq hazırda “AccessBank”ınkı o qədər də yaxşı deyil. Ancaq “BTB” kimi bankda kadr yetişdirilmir. Bank özü nə gücdədir ki, kadr da yetişdirsin”. 

Nigar Abdullayeva 
“Cebhe.info”