Çində uçan taksilər fəaliyyətə başlayacaq

Çinin Mülki Aviasiya Administrasiyası artıq pilotsuz uçuş aparatlarının fəaliyyətinə sertifikat verəcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu, Çində ilk dəfə dronlarda sərnişin (uçan taksi) daşınması deməkdir.
Uçuş fəaliyyəti sertifikatı alan bu dronlar (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalıdır.
“EH216-S” uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVTOL-udur.
“EH216-S” 16 elektrik mühərriki ilə təmin olunub, iki sərnişinlik tutumu var. Yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti isə 21 dəqiqədir. Dron bu müddətdə 35 kilometr məsafə qət edə bilir.
Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Bunlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq.
İlkin mərhələdə Çinin Quançjou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.
"Cebheinfo.az"