Əməkdar artisti işdən niyə çıxarıblar? - Səbəbi məlum oldu

Əməkdar artisti işdən niyə çıxarıblar? - Səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev tutduğu vəzifədən ayrılıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq direktor vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən etibarən Dövlət Pantomima Teatrına rəhbərlik edirdi. Bir neçə il əvvəl teatrın dövlət büdcəsinə 150 min manatdan çox vergi borcu olması ilə bağlı məlumatlar yayılmışdı. 

Həmin vaxt Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.

Bununla bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Dövlət Pantomim Teatrının aktyor və rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu bildirib ki, Elman Rəfiyevlə aralarında hər zaman isti münasibət olub və bu gün də davam edir:

“Sənət yoldaşı kimi deyə bilərəm ki, Elman müəllim pantomima yoldaşımızdır. Bu günə qədər də yoldaşlığımız davam edir. Müxtəlif çəkilişlərdə, məclis və tədbirlərdə tez-tez bir yerdə oluruq.

Teatrdır bu, zaman-zaman aktyorlar digər teatrlara gedə, çəkilişlərlə bağlı fəaliyyətindən bir müddət uzaq qala və ya tamamilə uzaqlaşıb başqa ölkəyə köçə bilər. Yəni bu, bütün teatrlar üçün normal haldır. Bütün teatrlarda olduğu kimi bizim teatrda da belə bir hadisə ola bilər.

Bizim münasibətlərimizdə heç bir problem yoxdur. Müxtəlif vaxtlarda da danışırıq, görüşürük. Bu yaxınlarda Ramiz Həsənoğlunun “Fatehlərin divanı” filmində Elman müəllim ikinci rejissor idi, mən isə həmin filmdə aktyor kimi çalışıram. Orada da onunla görüşüb söhbətləşdik, münasibətlərimiz yaxşıdır.

Elman müəllim hazırda teatrda fəaliyyət göstərmir. Çünki o, Mədəniyyət Nazirliyi tərəfindən direktor vəzifəsinə təyin olunmuşdu və nazirlik tərəfindən də işdən uzaqlaşdırıldı”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”