Qalmaqal yeni mərhələdə: “Bu, ən böyük xəyanətdir”- Tahir Əmiraslanovdan sərt ittiham

Tanınmış tədqiqatçı, Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyini və onun dəstəyi ilə fəaliyyət göstərən ASCA-nı sərt tənqid edib.
O, dolmanın Baltikyanı ölkələrin maddi-mədəni irsi kimi tanınmasına kəskin reaksiya verib və bu addımı “millətə, dövlətə, xalqa, Türk dünyasına xəyanət” adlandırıb.
T.Əmiraslanov iddia edib ki, 1988-ci ildən bəri aparılan mətbəx davası cəmi 3 ayda zərbə alıb və bu prosesdə dövlət qurumlarının da rolu olub:
“Bu, WORLDCHEFS-lə birlikdə bir ildə 2, 9 milyon pul silməkdən betər oldu ki!”
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Tahir Əmiraslanov bildirib ki, milli mətbəximiz yavaş-yavaş başqa ölkələrə verilir.
O qeyd edib ki, dolmaya görə ölkəmiz 37 illik bir yol keçib və bu yolda qələbə qazanıbm:
“Artıq harsasa 3 aydır ki, Dünya Kulinariya Birliyinin Milli İrs Komitəsinə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının rəhbərini daxil ediblər. Bununla məşğul olan Dövlət Turizm Agentliyidir. Onlar bu təşkilata üzvlüyü təmin ediblər. Həmin təşkilatın isə dünyada 12 milyon üzvü var və 115 ölkə iştirak edir. Amma bu komitəyə salınan şəxs nə milli irsi sevir, nə də bu sahəyə bağlılığı var.
Mətbəx davamızda 1988-ci ildən başlayaraq dolma lakomotiv, əsas mövzumuz idi. Uzun illər bu istiqamətdə çalışdıq. 2012-ci ildən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dolmanı dünyada tanıtmağa başladıq və onu UNESCO-da milli irs kimi qeyd etdirməyə çalışdıq.
Ancaq bu şəxslər cəmi 3 ay ərzində komitəyə daxil oldular və artıq dolmanı “sarma” adı altında başqa ölkələrin milli irsi kimi təqdim etdilər. Bu, ən böyük xəyanətdir. Əgər sən oranın üzvüsənsə, komitədə çıxış etməliydin. İzah etməliydin ki, niyə sarma Baltikyanı ölkələrdə bişirilir və niyə onların milli mədəni irsi deyil.
Bunları başa gətirməklə və digər işlərdə bizə qarşı durmaqla Dövlət Turizm Agentliyi 2023-cü ilin martında məni işdən çıxardı. Artıq həmin ilin dekabrında isə bizim milli mətbəximizə aid 250-dən çox yemək nümunəsi Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin milli irs portalında yerləşdirildi. Beləcə, milli mətbəximiz yavaş-yavaş başqa ölkələrə verirlər”.
Tahir Əmiraslanov vurğulayıb ki, bu, açıq şəkildə xəyanətdir:
“İndi, məsələn, ermənilər də, gürcülər də dolma bişirir. Onda bu, Ermənilərin milli yeməyidir? Əlbəttə ki, deyil. Bəli, Serbiya da, Xorvatiya da hazırlayır. İndi isə Baltikyanı ölkələrdə də “sarma” adı ilə tanınır. Sarmaq, yəni bükmək, dolamaq mənasındadır. Bizdə isə dolma “doldurmaq” sözündən gəlir.
Dövlət Turizm Agentliyinin bizə göstərdiyi təzyiqlər, bizi beynəlxalq proseslərdən uzaqlaşdırması, maliyyə vəsaitlərinin mənimsənilməsi və böyük miqdarda pul silinməsi bu vəziyyəti yaradıb. Mən bunu açıq şəkildə milli irsə xəyanət hesab edirəm”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Əfsanə Rəcəb
“Cebheinfo.az”