“Keşişlərin aksiyasına Köçəryan sponsorluq edir”

“Keşişlərin aksiyasına Köçəryan sponsorluq edir”

“İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq, çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan “keşiş Qapon”un- Qalstanyanın dünən gedib Köçəryanla görüşməsindən, “Qarabağ klanı”nın bu aksiyanın əsas sponsoru olduğunun ortaya çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indədən söyləmək mümkündür”. 

“Cebhe.info” xəbər verir ki, bunu ReAl Partiyasının Siyasi Şurasının üzvü Natiq Cəfərli Ermənistandakı aksiyalara münasibət bildirərkən deyib. N.Cəfərli bildirib ki, Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir:

“Yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır, “Qarabağ klanı”, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər – orta statistik ermənini bu mövzlar ilə cəlb etmək mümkün deyil, özü də prosesdə “Qarabağ klanı” varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdirlər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur. Yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir. Dünən İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu, son illər Paşinyan əlehinə olan ən böyük mitinq idi, amma bu gün və sabah artıq o qədər insan yığışacağını düşünmürəm. Əgər məlum olsa ki, dünən meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır”. 

Vilayət Muxtar 
“Cebhe.info”